Məlahət İbrahimqızı: “Bu sərəncam cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”

Məlahət İbrahimqızı: “Bu sərəncam cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”

"Şərqdə ilk demokratik respublikanın, ümumiyyətlə ilk parlamentli respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd olunmasına dair Cənab İlham Əliyevin imzaladığı Sərəncam zamanında atılmış addımdır". Bu fikirləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Cənab Prezident hər zaman dövlətçilik ideyalarını üstün tutaraq, tarixi şəxsiyyətlərin təbliği istiqamətində bir sıra addımlar atıb: "Bu sərəncam da onlardan biri kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün tarixi addımı atdılar. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti yaşayıb, fəaliyyət göstərib və iki il müddətində çox böyük işlər görüb və Azərbaycanın müstəqil gələcəyinin əsasını qoyub. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin banisini, iki illk fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad etməklə öz vətəndaşlıq missiyamızı yerinə yetirmiş olarıq".

İntizarə Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə