Prezident İlham Əliyev: Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir

Prezident İlham Əliyev: Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir

"Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, fürsətdən istifadə edib Ukraynanı ATƏT-də artıq başa çatmaqda olan uğurlu sədrliyi münasibətilə təbrik etmək, həmçinin bildirmək istərdim ki, bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü də başa çatır: "Bu, bizim ölkələrimizin nüfuzunun göstəricisidir. Biz dünya siyasətinin qlobal məsələlərinin həllində fəal iştirak edir və buna öz töhfəmizi veririk. Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir. Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini – iqtisadi və humanitar sahələrlə bağlı məsələləri müzakirə etdik. Bizim yaxşı planlarımız, nazirliklər səviyyəsində yaxşı əlaqələrimiz vardır. Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir.

Hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq ənənələri vardır. Biz burada da etibarlı tərəfdaşlarıq və bir-birimizi çoxdan sınamışıq. Hesab edirəm ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial vardır. Müştərək elmi araşdırmalar sahəsində də yaxşı perspektivlər vardır.

Bu gün imzalanmış sazişlər də əsas diqqəti, bizim fikrimizcə, yaxşı potensialın olduğu sahələrə yönəldir. Bunlar regionlararası əməkdaşlıq məsələləridir. Zənnimcə, bizim regionların yaxınlaşması üzrə səylərimizi artırmalıyıq və qardaşlaşmış şəhərlər kimi yaxşı praktikaya ciddi münasibət bəsləməliyik. Aqrar siyasətlə bağlı məsələlər bizim üçün əlbəttə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu sahədə Ukraynanın həm istehsal, həm də ixrac potensialı çox böyükdür.

Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər. Bakı Slavyan Universitetində Ukrayna dili öyrənilir. Yəni, humanitar sahədə də bütün işlərimiz yaxşıdır. Bu gün biz humanitar sahədə münasibətlərimizin daha da inkişaf etdirilməsi, o cümlədən ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi yollarını müəyyən etdik ki, mədəniyyətlərarası dialoq inkişaf etsin. Bunun üçün yaxşı perspektivlər vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə