Gürcüstanda hakimiyyət dəyişikliyi regiona necə təsir edəcək?

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
Gürcüstanda hakimiyyət dəyişikliyi regiona necə təsir edəcək?

Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi

- Gürcüstan erməniləri G.Marqvelaşvilinin prezident seçilməsindən istifadə edərək yenidən Abxaziya mövzusunu gündəmə gətirirlər. Sizcə, bu faktoru qabartmaqda ermənilərin məqsədi nədir?

- Abxaziya və Osetiya məsələsi açıq qalan məsələlərdir. Təbii ki, Gürcüstan xalqı, Gürcüstan dövləti bu məslələrdə çox həssasdırlar. Gürcüstanda yeni hakimiyyət quruldu. Gürcüstan prezidenti və baş naziri dəyişdi. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı açıq qalan məslələrə yeni formalaşan hakimiyyətin münasibətinin necə olacağını zaman göstərəcək. Gürcüstanın yeni prezidenti G.Marqvlaşvili hələ ki, beynəlxalq siyasətlə bağlı sadəcə, konturlarını verib. Gələcəkdə münaqişənin həlli ilə bağlı hansı addımların atılacağı hələ də açıqlanmayıb. Təbii ki, Osetiya və Abxaziya məsləsinin həllinə dair hər hansı bir addımların atılması Gürcüstan hakimiyyətinin öz marağındadır. Nəzərə alsaq ki, bu münaqişənin həllinin açarı Rusiyanın əlindədir və Kremlin maraqlarına xidmət edir, güman etmək olar ki, Gürcüstan hələlik Rusiya ilə heç bir danişaqlara getməyəcək. Çünki, Gürcüstanın yeni hakimiyyəti hələ oturuşmayıb. Buna görə də, düşünürəm ki, yeni hakimiyyət regionda ciddi bir dəyişikliyə səbəb olmayacaq.

- Mixail Saakaşvili Gürcüstanda demokratiyanı tənzimləyə bildi. Sizcə, Marqvelaşvili bu siyasi kursu davam edə biləcəkmi, yoxsa...

- Hesab edirəm ki, Gürcüstanda hakimiyyətə gəlmiş yeni qüvvələr bütün vasitələrlə özlərini təsdiq etməyə çalışacaqlar. M.Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda müsbət tendensiyalarla yanaşı neqativ hallar da mövcud idi. Yəqin ki, xatirinizdədir, Gürcüstanda parlament seçkilərindən sonra, hətta bir çox nazirlər ölkəni tərk edib getmişdilər. Bu ondan xəbər verirdi ki, onların fəaliyyətində mənfi cəhətlər var idi. Ümumilikdə Gürcüstanda müəyyən islahatlar da həyata keçirildi.

- Böyük İpək Yolunun demək olar modernləşmiş forması olan Bakı-Tibilisi-Qars dəmir yolunun inşasının tezliklə ərsəyə gətirilməsinə görə Azərbaycan dövləti başda cənab prezident İlham Əliyev olmaqla, böyük səy göstərir. Lakin ötən ay İvanişvili Azərbaycanın bu işdə olduqca tələsdiyini bildirmişdi. Buna münasibətiniz necədir?

- Düzdür B.İvanişvili o bəyanatını, əgər xatırlayırsınızsa, daha sonra təkzib etmişdi və verdiyi bəyanata görə üzr istəmişdi. Eyni zamanda cənab prezident İlham Əliyevin Bakı-Tibilisi-Qars dəmiryolu layihəsinin icrasında böyük və əvəzsiz rolunu bildirmişdi. Hesab edirəm ki, bu layihə tezliklə həyata keçəcək və Azərbaycan iqtisadiyyatına öz uğurlu töhvəsini verəcək.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə