Politoloq: “Abxaziya dəmiryolunun fəaliyyətə başlaması imkanları tükənir”

Politoloq: “Abxaziya dəmiryolunun fəaliyyətə başlaması imkanları tükənir”

"Gürcüstandakı ermənipərəstlər Georgi Marqvelaşvilinin prezident seçilməsindən istifadə edərək yenidən Abxaziya dəmiryolunun fəaliyyətə başlaması mövzusunu gündəliyə gətiriblər. Ancaq zaman keçdikcə, Abxaziya dəmiryolunun fəaliyyətə başlaması imkanları tükənir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu tükənmə ilk növbədə Rusiya-Abxaziya münasibətlərindəki gərginliklə bağlıdır: "Rusiya Abxaziyanı Soçi olimpiadasına dəvət edə bilmədi. Gürcüstanla birlikdə beynəlxalq aləmin təzyiqləri sonda Abxaziyanı Rusiyadan inciməyə vadar etdi. Son iki-üç ildə Rusiya Abxaziyanın MDB-nin bütün sammitlərində iştirakını təmin etmişdi. Abxaziyada Rusiyanın bu addımı xof yaradır. Abxazların fikrincə, Rusiya Abxaziyanın müstəqilliyi məsələsində də mövqeyini dəyişə bilər".

M.Əhmədoğlu vurğulayıb ki, Surkov Cənubi Osetiyanı Gömrük İttifaqına dəvət etsə də, Abxaziyaya belə müraciət edilməyib: "Təkcə bu fakt özü göstərir ki, Abxaziya ilə Rusiya arasında böyük gərginlik mövcuddur. Dəmiryolunun fəaliyyətə başlaması üçün Abxaziyanın əsas tələbi dəyişməyib: Həm Ermənistan, həm də Gürcüstan Abxaziyanın müstəqilliyini tanımalıdır. Gürcüstan Abxaziyanın müstəqilliyini tanımayacaq və Ermənistan da Abxaziyanın müstəqilliyini tanısa, Gürcüstan bu ölkə ilə əlaqələri kəsəcək".

Mərkəzin direktoru qeyd edib ki, indiki halda Rusiyanın Abxaziyaya hər hansı formada təzyiq göstərməsi mümkün deyil, çünki Abxaziyanın özündəkindən təxminən 4 dəfə çox abxaz Türkiyədə yaşayır: "Türkiyə həmişə abxaz məsələsini diqqətdə saxlayıb, lakin Rusiya ilə əlaqələr Türkiyə üçün önəmli olduğundan rəsmi Ankara Abxaziyanı yaxın buraxmır. Abxaziya da inadlı şəkildə Türkiyəyə tərəf keçmək tələbini dəstəkləmir, onun üçün Türkiyə ilə normal əlaqələr lazımdır. Rusiya-Abxaziya-Türkiyə münasibətləri lokal ərazidə ən strateji və mürəkkəb məsələdir. Bu, hətta Rusiya hərbi donanmasının Qara dənizdəki iştirakına da təsir edə bilər. Ona görə Abxaziya dəmiryolunun yaxınlarda açılacağını gözləmək nəzəri cəhətdən də qeyri-mümkündür. Amma Ermənistanın bu ideyanı dəstəkləməsi siyasi məsələdir. Bununla da Ermənistan Rusiya üçün əlavə gərginlik yaradır. Türkiyənin iştirakı ilə Ermənistanın əlində Rusiyaya qarşı iki gərginlik ocağı var. Biri Türkiyə-Ermənistan sərhədlərinin açılması, digəri isə gürcü-abxaz dəmiryolunun fəaliyyətə başlamasıdır. Ermənistan Rusiyaya qarşı gərginlik ocaqlarını növbə ilə tətbiq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə