“Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” Yenilənib- FOTO
III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda "dəyirmi masa" keçirilir. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdulla Forumun əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bir sıra ölkələrin sabiq prezidentlərinin, o cümlədən 45 dövlətdən alimlərin, mədəniyyət işçilərinin burada iştirakı "dəyirmi masa"ya diqqətin yüksək olduğunu göstərir.
O, həmçinin xatırladıb ki, III Bakı Beynəlxalq Humanitar Forumunda dövlət başçısı İlham Əliyev multikulturalizmin müasir dünyada əhəmiyyəti barədə danışıb, bunun artıq həyat tərzimizə çevrildiyini deyib.
Serbiyanın keçmiş Prezidenti Boris Tadiç multikulturalizmin konseptual baxımdan alternativinin olmadığını deyib: "Bu Forum nəzərdə tutulan multikulturalizm modeli ilə bağlı təcrübənin həyata keçirilməsinə xidmət edəcək. Mən ondan narahatam ki, bəzən bu modelin fəaliyyətini şübhə altına qoyurlar. Mən zorakılıqdan, sabitliyin pozulmasından və müharibələrdən qaçmağa kömək edə biləcək multikulturalizmin saxlanılmasını təkid etmək istərdim".
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri isə çıxışı zamanı qeyd edib ki, multikulturalizm bugünkü həyatımızın reallığıdır: "Bugünkü dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Bunlar cəmiyyətlərin sərvətidir. Dünyada qan tökülməsi dayandırılmalıdır. Hər kəs çalışmalıdır ki, dünyada sülh və sabitlik təmin edilsin. Bu gün dünyada çoxlu sayda məcburi köçkün və qaçqın var. Məhz elə bunları nəzərə alaraq multikulturalizm təşviq edilməlidir".
Tədbirdə çıxış edən Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesko bildirib ki, bu gün insanlar arasında dini və sosial ayrı-seçkilik aradan götürülməlidir: "Xiristianlıqla İslam arasında müxtəlif mübadilələr var. Bu gün multikulturalizmdən danışırıqsa, məhz dinlərarası dialoqun inkişaf etdirilməsinə diqqət yetirməliyik. Əgər söhbət müasir Avropadan gedirsə biz dinlərarası dialoqun yayılmasına çalışmalıyıq. İnanclar düzgün prizmalardan qəbul olunmalı və təhlil edilməlidir".
Latviyanın sabiq Prezidenti Valdis Zatlers də Forumun əhəmiyyətindən danışaraq, dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri barədə fikirlərini bölüşüb: "Mən multikulturalizmi gül çələnginə bənzədirəm. Ona daim qulluq etməliyik".
Bakıda belə bir Forumun keçirilməsini yüksək qiymətləndirən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib ki, dünyada belə bir platforma tapmaq çətindir: "Çoxlu sayda qonaqların gəlməsi isə müasir varlığın ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemlərini müzakirə etməyə ehtiyacın olduğunu göstərir".
Sonra dəyirmi masa "Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri" mövzusunda paneldə davam edib.
İtaliyanın keçmiş Baş prokuroru İtaliano Espozito multikulturalizmi cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndirmiş, bunun hüquqi cəhətlərindən danışıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov çıxışında bildirib ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır: "Müasir dövrdə hamımız gözləyirik ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanacaq və əlbəttə, harada bu irəliləyiş yoxdursa, münaqişələrin ağır nəticələrinin şahidi oluruq. Bu yaxınlarda bütün dünyada, xüsusilə Avropada baş verənlər dinlərin müxtəlifliyinə qarşı olan dilemmanın ciddiliyini göstərir. Beynəlxalq aləm bu məsələyə biganə qalmamalıdır. Zorakılığa son qoyulmalıdır. Dözümlülük bütün cəmiyyətlərdə həyat normasına çevrilməlidir. Bu baxımdan Azərbaycanın müsbət təcrübəsi var".
Avstriya şahzadəsi, rəssam Letisiya Françeska Reus dünya mədəniyyətinin bu gün şüurda necə əks olunması barədə fikirlərini bölüşüb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirib ki, multikulturalizm hər bir dövlət üçün siyasi platformaya çevrilməlidir. O, bunun üçün xüsusi siyasi tədbirlərin hazırlanmasının vacibliyini vurğulayıb. Kafedra müdiri tolerantlığın bir model kimi qəbul edilməsinin vacibliyini də diqqətə çatdırıb, Avropanın bir çox ölkələrində ksenofobiya və identikliyin hökm sürdüyünü deyib.
Tədbirdə çıxış edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin üzvü Harun Təpə, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova, İtaliyanın Siyena şəhər Tribunalının hakimi, professor Françesko Banyai, Malta parlamentinin fəxri sədri Maykl Frendo, Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun elmi katibi Viktoriya Soloşenko, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, ABŞ-ın Şimali Karolina Dövlət Universiteti fəlsəfə və din fakültəsinin professoru Marina Bıkova və başqaları etnik azlıqlar, onların milli xüsusiyyətlərinin qorunub saxlanılması məsələsinə toxunub, multikulturalizm və vətəndaşlıq, bu istiqamətdə ümumi dəyərlərin şərhi barədə və digər mövzularda çıxış ediblər.
Qeyd edək ki, hazırda dəyirmi masa öz işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB