Misir mətbuatında ölkəmizdə keçirilən seçkilərlə bağlı məqalə dərc edilib

Misir mətbuatında ölkəmizdə keçirilən seçkilərlə bağlı məqalə dərc edilib

Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı Misirin nüfuzlu "Əl-Aləm əl-yaum" qəzetində səfir Şahin Abdullayevin məqaləsi dərc edilib. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, məqalədə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq seçkiqabağı kampaniyaya səsverməyə 60 gün qalmış start verildiyi, namizədlər üçün yaradılmış şərait və ölkədəki seçkiqabağı vəziyyətlə bağlı ətraflı məlumat verilib. Prezident seçkilərini müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatlara (ATƏT, GUAM, MDB, BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı) dəvət göndərildiyi və çoxlu sayda beynəlxalq və yerli müşahidəçilərin iştirak etdiyi qeyd edilib. Prezidentliyə namizədlərin seçkiqabağı təşviqat üçün televiziya kanallarında ödənişsiz efir vaxtından və digər mətbuat vasitələrindən istifadə etmək hüququna malik olduqlarını vurğulanmışdır. Eyni zamanda, 10 namizəd arasında İlham Əliyevin digər namizədləri daha çox səs çoxluğu ilə üstələyərək yenidən prezident seçildiyini vurğulanıb.

Məqalədə, həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, eyni zamanda, ölkənin xarici siyasətinin əsas prioritetlərindən birinin ərəb-islam dünyası ilə əməkdaşlığın olduğunu Misir ictimaiyyətinə təqdim olunub. Səfir, Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrildiyini xüsusi qeyd edib.

Səfir həmçinin, Azərbaycanın kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən də bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə malik olmaq meyarlarından çıxış etdiyini bildirib.

Müəllif, Azərbaycan hökumətinin ötən 10 ildə həyata keçirdiyi islahatlardan, iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söz açıb, bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi sabitliyin təmin olunmasını göstərib. Əldə edilən uğurların dövlətin iqtisadi qüdrətinin artması və xarici asılılığın tamamilə aradan qalxması ilə əlaqələndirib.

Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı qeyri-neft sektorunun da inkişafından danışan səfir artıq xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, bununla da, ötən il ərzində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına yönələn islahatlarının nəticəsi olaraq qeyri-neft sektorunda 2,7 dəfə real artımın olduğunu, 2003-2012-ci illər ərzində qeyri-neft sektorunda artımın dünyada ən yüksək göstəricilərdən birini təşkil edərək ildə orta hesabla 10 faiz təşkil etdiyini, bundan əlavə, son 10 il ərzində ölkədə açılan 1 milyon 100 minə yaxın yeni iş yerlərinin 90 faizdən çoxunun qeyri-neft sektorunda olduğunu qeyd edib.

Turizm sektorunun inkişafı ilə bağlı Ş.Abdullayev Azərbaycanın ötən 10 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat verib, 2012-ci ildə Azərbaycana gələn xaricilərin sayının 2 milyondan çox olduğunu bildirib.

Əhalinin sosial rifahın və həyat şəraitinin yüksəldiyini vurğulayan müəllif qeyd edib ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon manat olduğu halda, 2013-cü ildə bu rəqəm 666,3 milyon manata, təhsilə ayrılan xərclər isə 2003-cü ildəki 243 milyon manatdan 1,5 milyard manata çatdırılıb. Sözügedən sahələrin də inkişafının davam etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə