Mübariz Qurbanlı: “ “Milli Şura” süni yaradılan qurum idi” AÇIQLAMA

Mübariz Qurbanlı: “ “Milli Şura” süni yaradılan qurum idi” AÇIQLAMA

" "Milli Şura" süni yaradılan bir qurum idi. Beləcə, həmin qurum müxalifətin radikal qanadının müxtəlif nümayəndələrini özündə birləşdirirdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Milli Şura"dakı istefalarla bağlı məsələlərə münasibət bildirərkən deyib.

YAP İcra katibi müavininin sözlərinə görə, "Milli Şura" seçki üçün yaradılmışdı və seçkidə də bu qurumun irəli sürdüyü namizədin məğlubiyyəti hamıya bəlli idi: "Hətta proqnozlar da onu göstərirdi ki, bu qurumun namizədi məğlub olacaq. Çünki ölkə əhalisi heç vaxt radikal qanada dəstək verməzdi. Ölkə xalqı inkişaf, tərəqqi, sabitlik istəyirdi və ona görə də bu xəttə səs verdi. "Milli Şura"ya daxil olanlar müxtəlif formada bu qurumu tərk etdilər və həmin şura dağılmağa məhkum idi. Bu mənada hesab edirəm ki, qurumda istefalar təbii, qanunauyğun prosesdir. Həmin proseslər bundan sonra da davam edəcək. Nəhayət, Xalq Cəbhəsi ilə Müsavat partiyalarının süni surətdə yaratdığı bu qurum iflasa uğradı".

Bütün xəbərlər Facebook səhifəmizdə