Politoloq: "Rusiya ölkələrin Gİ-yə daxil olması üçün miqrantlardan istifadə edir"

Politoloq: "Rusiya ölkələrin Gİ-yə daxil olması üçün miqrantlardan istifadə edir"

"Son zamanlar Rusiyada təkcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə miqrantlara qarşı münasibətin kəskinləşməsi Rusiyanın siyasi niyyətləri ilə bağlıdır". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu ötən gün Moskva metrosunda miqrantlara qarşı keçirilən aksiyaya münasibət bildirərkən deyib.

O bildirib ki, son günlər Rusiyada miqrantlara qarşı münasibəti təzyiq kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, Rusiya ölkələri Gömrük İttifaqına cəlb etmək üçün bu cür vasitələrə əl atır: "Bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putin hazırda iqtisadi inteqrasiyanı gündəmə gətirib. Belə ki, Rusiyanın əsas məqsədi post sovet ölkələrini Gömrük İttifaqı çərçivəsində birləşdirməkdir. Bu baxımdan da hesab edirəm ki, Rusiyada miqrantlara qarşı yaranan münasibət məhz bu səbəbdəndir. Rusiya bu cür yolla həmin ölkələri Gömrük İttifaqına daxil olmağa məcbur etmək istəyir".

Qeyd edək ki, ötən gün Moskva metrosunda miqrantlara qarşı rus millətçi qruplaşmalarının keçirdiyi aksiyanı əks etdirən kadrlar yayılıb. Rus millətçi gənclərin miqrantları döydüyü ehtimal edilən və kənardan "öldür" deyə qışqıranların olduğu kadrlarda polisin müdaxilə etməməsi diqqətdən qaçmırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə