Artur Rasizadə yenidən baş nazir oldu

Artur Rasizadə yenidən baş nazir oldu

Milli Məclisin üzvləri adından ölkə başçısına təbrik məktubu ünvanlanıb. SİA-nın məlumatına görə, bu barədə spiker Oqtay Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təbrik məktubu Prezident İlham Əliyevin 9 oktyabrda keçirilən seçkilərdə qələbə qazanması münasibəti ilə ünvanlanıb.

O.Əsədov çıxışında bildirib ki, oktyabrın 9-da ölkədə keçirilən seçkilərdə Azərbaycan xalqı öz inkişafına, gələcəyinə səs verdi, İlham Əliyevi prezident seçdi: "Andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi dövlət başçısının ölkənin qanunverici orqanına verdiyi qiymətdən xəbər verir".

İclasın davamında baş nazir Artur Rasizadə yekdilliklə yenidən öz vəzifəsinə təyin edilib. Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalamışdı. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin. Xatırladaq ki, Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə