Politoloq: “Orxan Zeynalov məsələsində ermənilər xüsusi plan üzərində işləyiblər” MÜNASİBƏT
Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhed"lər Biryulevo rayonunda yerləşən "Biryoza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Hadisələrin rus millətçilərinin törətdiyi iddi edilsə də, artıq bəziləri bu məsələlərdə Rusiya-Azərbaycan münasibətlərinin korlanmasını istəyən ermənilərin əli olduğunu bildirirlər.
Rusiyanın "ORT" kanalının aparıcısı, məşhur telejurnalist Maksim Şevçenko qəti şəkildə bəyan edib ki, "Biryulevoda qafqazlılara qarşı hücumları ermənilər təşkil edib və bununla bağlı təsdiqlənmiş faktlara malikdir.
M.Şevçenko bildirib ki, ona bu barədə aksiyanı təşkil edən "Ruslar" Hərəkatının lideri Dmitri Demuşkin deyib: "O və rus millətçilərinin liderlərindən Belov dedilər ki, Yeqor Şerbakovun qətlindən sonra yalnız aksiya keçirmək istəyiblər, bazarlara və ticarət mərkəzlərinə basqın etmək fikirləri olmayıb. Qəflətən bəzi şəxslər peyda olub və aksiya iştirakçılarını qafqazlılara hücum etməyə təhrik ediblər".
Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu SİA-ya deyib ki, Orxan Zeynalovun məsələsi Rusiyayla Azərbaycanın arasının vurulması üçün nəzərdə tutulan hadisədir: "Orxan Zeynalovun məsələsinə qədər bu konteksdə müəyyən hadisələr baş verdi. Bunlardan biri Rusiya-Azərbaycan matçını işıqlandırmaq üçün gələn jurnalistlərdən birinin yalnız Azərbaycan haqqında neqativ məlumat yaymasıdır. Həmçinin, Rusiyada müəyyən bir qruplaşma var ki, Putinin Azərbaycana olan xoş münasibətini sıfıra endirməyə çalışırlar".
Politoloq bildirib ki, Rusiyada Orxan Zeynalov məsələsinə belə kəskin reaksiya və ondan sonra baş verənlər kimlərinsə bu plan üzərində xüsusi işlədiklərini göstərir: "Rusiya üçün bu məsələdən də faciəvi hadisələr baş verib. Ancaq bu hadisəyə belə kəskin reaksiya onun arxasında görünməz əllərin olduğunu deməyə əsas verir. Hesab edirəm ki, bu məsələdə erməni əlinin olduğunu istisna etmək mümkün deyil".
M.Əhmədoğlunun sözlərinə görə, Rusiya prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər inkişaf edəcəksə, bu, dünya ermənilərinin taleyinin həlli deməkdir: "Dünya erməniliyi çox güclü blef siyasəti yeridir. Ancaq bu blef siyasətinin mahiyyəti göründüyü kimi deyil. Hamı elə başa düşür ki, ermənilər ABŞ və Avropada güclü dayaqlara və nüfuza malikdirlər. Ancaq ermənilər bu gücü Moskvanın hesabına əldə ediblər. Ermənilər ABŞ-a göstərir ki, Rusiyanın daxilində hansı gücə malikdirlər. Eyni zamanda onlar Rusiya ABŞ-da sahib olduqları "imici" qəbul etdirməyə çalışırlar. Deməli erməninin dünyadakı bütün gücünün kökü Rusiya hökumətinə təsir etmələri ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev apardığı siyasətlə dünya erməniliyinin kökünə balta çalır. Əgər Rusiya Azərbaycanla münasibətləri prioritet elan edəcəksə, bu o deməkdir ki, ermənilərin Rusiyada gücü yoxdur. Rusiyada ermənilərin gücü yoxdursa, deməli onların ABŞ-da da gücü yoxdur".
Politoloq əlavə edib ki, hazırda ermənilər Azərbaycanla ölüm-dirim mübarizəsinə başlayıblar: "Bu gün Rusiya diplomatlarının böyük əksəriyyəti ermənilərdir. Buna görə, bundan sonra da Rusiyadan belə təxribatları gözləməliyik. Ancaq Prezident İlham Əliyevin yürütdüyü siyasət dünya erməniliyini boğur. Əminliklə ifadə edirəm ki, Azərbaycan dövlətinin siması olan Prezident İlham Əliyevin yürütdüyü siyasət qalib gələcək".
M.Əhmədoğlu bildirib ki, Biryulevo hadisələrinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlanmasını doğru hesab etmir: "Düşünmürəm ki, bu hadisələrin Azərbaycandakı prezident seçkiləri ilə əlaqəsi olsun. Rusiya bəyan edib ki, Azərbaycan öz daxili proseslərini idarə edə bilən dövlətdir və onun daxili proseslərinə heç kim qarışa bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB