Nəcəf Novruzov: “İlham Əliyevin seçkilərdə qələbəsi şübhəsizdir” MÜSAHİBƏ

"Azərbaycan gəncləri “İlhamla İrəli” deyir"
Nəcəf Novruzov: “İlham Əliyevin seçkilərdə qələbəsi şübhəsizdir” MÜSAHİBƏ

SİA Bakı şəhər Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü Nəcəf Novruzovun müsahibəsini təqdim edir:

- Bildiyiniz kimi, seçkilərə 2 gün qalıb. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP gənclərinin bu prosesdə yeri və rolunu necə dəyərləndirirsiniz?

- Regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsi Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısının nəticəsidir. Ümummilli lider YAP-ın II qurultayında çıxışı zamanı bu partiyada gənclərin sayının daha çox olmasını istədiyini demişdi. Partiyanın gələcəyinə böyük inamla yanaşan Ulu Öndər gəncləri dövlətin gələcəyi kimi qiymətləndirirdi. Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün YAP-ın 600 mindən çox üzvünün 40 faizini gənclər təşkil edir. Biz hakim partiyanın gəncləri olaraq düzgün, doğru yolla getməyi və partiyamıza sadiq olmağı özümüzə amal seçmişik. Ölkənin iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrində gənclər fəal iştirak edir, eyni zamanda bütün proseslərdə öz mövqelərini sərgələyirlər. Gənclər nəinki bu proseslərin iştirakçısı, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələridirlər. Ölkəmizdə keçiriləcək prezident seçkisi ərəfəsində partiya sıralarında birləşən gənclər YAP-ın seçki qərargahlarının işində fəal iştirak etməklə, partiya tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin fəal təbliğatçısı olmaqla, seçki proqramının uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilirlər. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində istər paytaxtda, istərsə də bölgələrdə partiyanın Gənclər Birliyinin rayon təşkilatlarının nümayəndələri mütəmadi olaraq gənclərlə görüşlər keçirərək maraqlı müzakirələr aparırlar. YAP-ın gəncləri olaraq bizim məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin prezident seçkilərində qələbəsi şübhəsizdir.

- Sizcə, Azərbaycan gəncliyinin yenidən cənab İlham Əliyevin Prezident seçilməsi üçün göstərdiyi qətiyyətliliyin səbəbi nədir?

- Çünki Azərbaycan gəncləri cənab Prezidentin onlara göstərdiyi xüsusi diqqət və qayğıdan çox məmnundurlar. 21 illik müstəqillik tariximizdə ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsi, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunması və 2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə diqqət və qayğının dövlətin siyasətində prioritet məsələ olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərlə bağlı müddəanın öz əksini tapması, bu sənədə uyğun olaraq 2013-2023-cü illər üçün Dövlət Proqramının hazırlanmasının zəruriliyi də gənclərə diqqət və qayğının təzahürüdür. Tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət heç bir gəncin bu diqqət və qayğıdan kənarda qalmaması, onların yaradılmış imkanlardan maksimum faydalanması üçün gərəkli bütün tədbirləri həyata keçirir. Məhz görülən bu işlərin nəticəsi olaraq da Azərbaycan gəncləri cənab İlham Əliyevin ətrafında sıx birləşib, onun yenidən prezident seçilməsi üçün israrla mübarizə aparırlar. Azərbaycan gəncləri uğurlu və parlaq gələcəklərinin təminatçısının yalnız İlham Əliyev olduğunu yaxşı bilirlər.

- Azərbaycan gəncləri ictimai siyasi proseslərdə fəal iştirak edə bilirmi?

- Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daima uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Gənclər təşkilatlarının əhatə etdikləri məsələlər də öz növbəsində kifayət qədər genişdir. Belə ki, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və sair kifayət qədər aktual məsələlər bu təşkilatların əsas fəaliyyət istiqamətlərdəndir. Bu gün ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə