"Ermənistanın digərlərinə dərs keçməyə mənəvi haqqı yoxdur"

"Ermənistanın digərlərinə dərs keçməyə mənəvi haqqı yoxdur"

"BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə görə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı regional və beynəlxalq təhlükəsizliyi təhdid altında qoyur". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın növbəti sərsəm bəyanatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan XİN hər zaman olduğu kimi, beynəlxalq hüququn norma və prinsiplərini özünəməxsus şəkildə təhrif edir: "Onlar növbəti dəfə belə addım ataraq beynəlxalq ictimaiyyətin rəyini çaşdırmağa çalışırlar. Ermənilər unutmamalıdır ki, BMT Təhlükəzilik Şurası tərəfindən qəbul olunan məlum qətnamələr Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi və Ermənistanın işğalçı olduğunu bir daha göstərir. Nalbandyan bilməlidir ki, regionda sabitlik Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə pozulub və ancaq Ermənistanın işğalçı qüvvələrinin çıxarılması ilə bərpa oluna bilər".

E.Abdulayev vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyün bərpa etmək üçün hər bir vasitədən istifadə edəcək: "Çünki Azərbaycan vətəndaşının hüquqlarının bərpası dövlətimizin borcudur. Ermənistan o qədər acınacaqlı durumdadır ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin mətnini təhrif etməyə çalışır".

XİN sözçüsü bildirib ki, rəsmi İrəvanın günahsız insanları qətlə yetirən terrorçuları yeni nəslə qəhrəman kimi təqdim etməsi və həmin nəslin beynini ərazi iddiası ilə doldurması regionun təhlükəsizliyinə və sülh prosesinə ciddi təhlükədir: "Terrorçuluğa donorluq edən Ermənistanın digərlərinə dərs keçməyə heç bir mənəvi haqqı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə