Müxalifətçi gənclər: "Cəmil Həsənli hamımızı yanıltdı" FOTOLAR

Müxalifətçi gənclər: "Cəmil Həsənli hamımızı yanıltdı" FOTOLAR

Ötən gün qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi aksiya radikal düşərgənin "gücünü", bazasını, elektorat sayını və ən əsası acınacaqlı vəziyyətini bir daha ortaya çıxardı. Qəti şəkildə söyləmək olar ki, düşərgə təmsilçilərinin "mitinq" adlandırdığı, amma iştirakçı sayına görə mitinqdən çox-çox geridə qalan, ən yaxşı halda "piket" adlandırıla biləcək bu "aksiya" növbəti dəfə radikalların heç bir sosial bazaya, elektorata malik olmadığını əyani şəkildə göstərdi.

İştirakçıların böyük əksəriyyətinin jurnalistlərin və həmin partiyaların funksionerlərinin, o cümlədən, həmin funksionerlərin ailə üzvlərinin olduğunu nəzərə alsaq, ortada qalan rəqəm "birləşmiş müxalifətin" hansı gündə və vəziyyətdə olduğunu deməyə əsas yaradır. Həqiqətən də, radikal müxalifətin hər zaman olduğu kimi, şou yaratmaq cəhdləri, aksiyaların kütləviliyini təmin edə bilməmələrinin səbəbini, hətta günahını min bir ünvana yönəltməsi onların məqsədlərinin birmənalı olduğunu göstərir. Görünən odur ki, onlar xarici qüvvələrdən əldə etdikləri maddi vəsaitin mənimsənilməsinə istiqamətlənən bu "mitinq-piket" oyunları ilə sadəcə gözdən pərdə asmaq istəyirlər. Səsləndirdikləri min yalan isə bir daha xatırladaq ki, aksiyanın kütləviliyini təmin edə bilməmələrindən irəli gəlir. Hətta gənclərin də aldadılaraq aksiyaya gətirilməsi bu dediklərimizə bariz sübutdur.

Şamo Əliyev: "Mən gəldim ki, Cəmil Həsənlidən yeni bir fikir eşidim. Amma əksinə, yenə də boş sözlərin, vədlərin və təkrarçılığın şahidi oldum. Bununla da həmin insana olan inamımı tamamilə itirdim. O, tarixçi kimi bir şəxsiyyət ola bilər amma onu lider kimi görmək istəmirəm. demək olar ki, insan tamamilə bezir. Hesab edirəm ki, vədlər vermək lazım deyil əksinə iş görülməlidir. Mən anladım ki, Cəmil Həsənliyə etibar etməklə düzgün seçim etməmişəm".

Tariyel Nurməmmədov: "Yolda bir nəfər mənə yaxınlaşaraq dedi ki, İnşaatçılar metrosunun yanındakı meydançada aksiya olacaq. Əgər sən bura gəlsən pul və yemək təqdim ediləcək. Lakin mən bura gəlsəm də, hər şeyin yalan olduğunu gördüm. Mənə heç pul verən belə olmadı. Bu məndə qeyri-kafi baxış oyatdı. Hətta onlar mənə ötən aksiyalarda da pul veriləcəyi ilə bağlı boş vədlər veriblər".

Rauf Hüseynov: "Burada ancaq debatlardakı söhbətlər gedir. Cəmil Həsənli ötən dəfəki çıxışlarında yeni məlumatlarının və fikirlərinin olduğunu söyləmişdi. Lakin aksiyaya gələrkən hər şeyin yalan olduğunu gördüm. Bəziləri isə içəriyə hətta fişənglə daxil olmuşdu. Burada ancaq eyni söhbətlər gedir. Hər dəfə bura gələrkən əzbərlənmiş halda eyni boş vədlərin şahidi oluram. Mən bunlardan daha artıq nəticə gözləyirdim, amma boş imiş".

Rüfət Cavadov: "Mən bura gələrkən dedim yəqin, çox adam olacaq. Amma hər şeyin əksini gördüm. Məncə bu, rəqabət aparacaq səviyyədə təşkilatçılıq deyil. Düşünürəm ki, onların bu cür hakimiyyətə gəlmək iddiaları puç olacaq. Mən ötən aksiyalarda iştirakım zamanı yalan, boş iddiaların verildiyinin şahidi oldum".

Tural Əliyev: "Mənə dedilər ki, növbəti aksiyada hər şey yaxşı olacaq yeni fikirlər səsləndiriləcək. Gəldim amma hər şeyin yalan olduğunu gördüm. Burada ancaq ləyaqətdən, reallıqdan danışırlar, lakin bunların heç biri yoxdur. Məncə onların arxasınca irəliyə getmək, uçuruma doğru yuvarlanmaqdır".

Nurlan Babayev: "Mənə çox maraqlı gəldi ki, görüm burada nə baş verir? Gəldim və gördüm ki, müxalifət aksiya keçirir. Amma bu, mənə o qədər də maraqlı olmadı. İkinci dəfədir ki, aksiyada iştirak edirəm. Hər dəfə də məyus olaraq geri qayıdıram".

Bəhmənyar Süleymanov: "Mən bu aksiyadan çox narazıyam. Dostlarımla pərişan halda qalmışam. Bizə dedilər ki, burada min nəfərdən çox adam olacaq. Amma hər şey yalan çıxdı. Biz artıq anladıq ki, seçimimizi səhv etmişik".

Qeyd edək ki, aksiya start veriləndən bir az sonra iştirakçılar ərazini tərk etməyə başlayıblar. Onlar gedə-gedə əllərindəki Azərbaycanın və aksiyada iştirak edən partiyaların bayraqlarını yerə ataraq ərazidən uzaqlaşıblar. Aksiyanın sonunda səslənən Azərbaycanın dövlət himninin fitlərlə və qışqırıqlarla müşayiət olunması isə radikalların milli dəyərlərimizə, dövlət atributlarımıza "hörmətinin" təcəssümü sayıla bilər. Ümumiyyətlə, keçirilən bu uğursuz aksiya cəhdi radikal müxalifətin bir daha mitinq arzusunu dilə gətirməsinin yalnız gülüş doğuracağını ortaya qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə