Gələcəyimizin qarantı Cənab İlham Əliyevdir

Gələcəyimizin qarantı Cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi seçiciləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan AR Pİİ Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov bildirib ki, hazırda ölkəmizdə mühüm bir siyasi hadisə yaşanır: "Bildiyiniz kimi, 9 oktyabr tarixində ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda namizədlərin təbliğat kampaniyası davam edir. Ölkədə son illərdə əldə edilən nailiyyətlər göz önündədir. Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf edir. Azərbaycan eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib".

YAP Binəqədi rayon təşkilatı AR Pİİ Siyasi Sənədlər Arxivi ərazi ilk partiya təşkilatının sədri Pərixanım Muradova tarixə nəzər salaraq, 90-cı illərin əvvəllərində ölkənin düşdüyü çətin vəziyyətdən və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı xilas etməsindən danışıb: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 10 il ərzində görülmüş işlərə nəzər salaraq, hər kəsi seçkidə fəal iştirak etməyə, xoş gələcəyimiz olan Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov prezident seçkilərinin hər bir dövlətin həyatında mühüm siyasi hadisə olduğunu bildirərək, Azərbaycanda da bu gün mühüm bir proses yaşanıldığını vurğulayıb: "Son 10 ildə ölkə Prezidentinin məqsədyönlü siyasəti nəticəsində böyük uğurlar əldə edilib. Bu gün dinamik inkişaf edən ölkəmizin gücü, qüdrəti Cənab İlham Əliyev tərəfindən daha da möhkəmlənir. Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir".

R.Göyüşov səsvermə hüququna malik olan seçiciləri fəal olmağa, gələcəyimizin qarantı olan Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər ölkəmizdə sabitliyin, əmin-amanlığın hökm sürdüyünü qeyd edərək, növbəti 5 ildə də bu daxili və xarici siyasətin davamlığı üçün Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə