Xızılıların seçimi İlham Əliyevdir FOTOLAR

Xızılıların seçimi İlham Əliyevdir FOTOLAR

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin Xızı rayon üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində seçicilərlə növbəti görüş bu gün rayonun Altıağac kəndində baş tutub.

Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib: "Xalqın seçimi cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir. Bu gün mədəniyyətlərin qovşağı olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir".

Ən yüksək səviyyəli enerji layihələrinin, o cümlədən, fərqli təşəbbüslərin Azərbaycanın iştirakı ilə reallaşdığını dilə gətirən YAP Xızı rayon təşkilatının sədri əlavə edib ki, ölkəmiz bir sıra mədəni, siyasi tədbirlərə ev sahibliyi edir: "Bütün bunlar üçün həm iqtisadi imkan, həm siyasi əlaqələr, həm də dövlətçilik ənənəsi lazımdır. Bütün bu nailiyyətlərə cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində imza atılıb. Əziz xızılılar, mən sizi Azərbaycanın adını daim zirvələrə daşıyan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsinə səs verməyə çağırıram".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 10 il ərzində həyata keçirilən uğurlu siyasətdən və inkişafdan danışıb: "Bu illər ərzində 1 milyon 200 min nəfər daimi iş yerləri ilə təmin olunub. Bununla yanaşı, sahibkarlara 1,2 milyard dəyərində faizsiz kredit verilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edir. Eyni zamanda, son 10 ildə dövlət büdcəsi 19 dəfə artıb. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, növbəti 5 ildə də İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti illərdə nailiyyətlər qazanmasını təmin edəcək. Xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə inamı YAP-ın növbəti sınaqdan da üzüağ, qələbə ilə çıxacağını deməyə əsas verir. Bu gün hər bir azərbaycanlı bunun fərqindədir və cənab Prezidentə dəstək olur. Mən əminəm ki, bütün vətəndaşlarımız kimi, xızılılar da oktyabrın 9-da ölkəmizin inamlı inkişafına-Prezident İlham Əliyevə səs verəcəklər".

Görüşün sonunda kənd sakinləri çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə- İlham Əliyevə səs verəcəklər. Sakinlər bir daha vurğulayıblar ki, Prezident İlham Əliyevin 10 il ərzində Azərbaycan xalqına xidməti danılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə