Elman Abdullayev: “Bəzi dairələr Azərbaycanın inkişafını həzm edə bilmir” AÇIQLAMA
"Azərbaycanın qazandığı inkişaf və əldə etdiyi nailiyyətlər bir çox xarici dairələr tərəfindən həzm edilmir. Təbii ki, həmin xarici dairələr bu gün Azərbaycanda sabit, sürətli, dinamik şəkildə gedən inkişaf prosesini pozmağa çalışırlar. Bu da sirr deyil. Çünki, həmin xarici dairələr bütün prosesləri artıq açıq şəkildə büruzə verməyə başlayıblar". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev xarici dövlətlərinin televiziya və radiostansiyaların prezident seçkilərində qanunsuz olaraq təbliğat-təşviqat kampaniyasında iştirakına münasibət bildirərkən deyib.
Elman Abdullayevin sözlərinə görə, Azərbaycan dövlətinin bu cür təxribatların qarşısını almaq iqtidarında olması, bu dairələri daha da qıcıqlandırır: "Onlar artıq Azərbaycanda yerli elementləri öz məqsədlərinə mexanizm, təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Təbii ki, sonda Azərbaycan xalqı öz sözünü deyir. Xarici ölkələrin televiziya və radiostansiyalarını öz məqsədləri üçün istifadə edən şəxslər, eləcə də onları buna cəlb edən digər xarici dairələr yenə də Azərbaycanda gedən inkişafa müdaxilə etmək istəyirlər. Məlumdur ki, ölkəmiz çox qısa bir zamanda böyük yol qət edib. Bu da sirr deyil ki, bir çox xarici ölkələr, dairələr hələ də gözlərinə inana bilmirlər ki, ölkəmiz bu qədər inkişaf edib. Bəlkə də həmin dairələr Azərbaycanda başqa tendensiya arzusunda idilər. Lakin sonda onların ümidləri puça çıxdı. Hətta belə bir misal var ki, "xalqın gözü tərəzidir". Məlumdur ki, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün çox ağır idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının digər xalqlar kimi yaxşı vəziyyətdə yaşamaq haqqı var. Bu mənada hesab edirəm ki, xarici televiziyalardan öz məqsədləri üçün istifadə edilməsi heç bir şeyi dəyişməyəcək. Bu gün Azərbaycan vətəndaşlarının əmin-amanlıq, iqtisadi rifah içində yaşamasından sonra ölkə xalqı bundan artıq nə istəyə bilər? Azərbaycan Prezidentini ölkə xalqı seçir, bu və ya digər xarici dairələr deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB