Hikmət Babaoğlu: “Milli Şura” və ermənilərin sinxron hərəkəti eyni mərkəzdən idarə olunur” MÜSAHİBƏ

Hikmət Babaoğlu: “Milli Şura” və ermənilərin sinxron hərəkəti eyni mərkəzdən idarə olunur” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, separatçılıqla məşğul olduğuna görə, Azərbaycandan qovulan Ələkrəm Hümbətov İrəvanda səfər edib. Hətta jurnalistlərin azərbaycanca sualına cavab verməkdən imtina edib. Məsələ ondadır ki, "Milli Şura" və bu qurumda təmsil olunan Eldəniz Quliyev onu dəstəkləyir. Özlərini milli adlandıran, ancaq separatçılığa açıq dəstək verən bu qurum nə qədər millidir?

- Ələkrəm Hümbətov Azərbaycanda yalnız separatçılıqla məşğul olub. Bu da anti-Azərbaycançı mərkəzlərin bir layihəsidir. 90-cı illərin əvvəllərində də Dağlıq Qarabağda separatçı hərəkatı başlayan zaman, paralel olaraq Ələkrəm Hümbətov bu prosesi Azərbaycanın cənubunda başlatmağa cəhd etdi. Bütün bunlar bizə onu deməyə imkan verir ki, Azərbaycandakı separatçılıq eyni mərkəzdən idarə olunur. Bunlarda anti-Azərbaycançı, erməni lobbisinə və erməni maraqlarına xidmət edən mərkəzlərdir.

Talış xalqı Azərbaycan xalqının bir hissəsidir. Tarixi kökləri ilə vətənimizə və xalqımıza bağlıdırlar. Ona görə də Azərbaycan ictimai mühitində, o cümlədən cənub regionunda Ələkrəm Hümbətovun ideyaları xalqdan dəstək ala bilmədi. Məhz buna görə də Ələkrəm Hümbətov talış qardaşlarımız tərəfindən ölkədən qovuldu. Bundan sonra isə Azərbaycan qanunlarına müvafiq olaraq cəza tədbirləri görüldü və deportasiya edildi. Bu gün isə o, ənənəvi ampulasında İrəvanda peyda olub.

Bu gün Azərbaycanın güclü, qüdrətli və inkişaf etmiş dövlət olmasını həzm etməyən, islamafob, anti-Azərbaycançı, ölkəmizə müstəmləkə gözü ilə baxan dairələr var. Bu ölkələr Azərbaycanın cənubunda və şimalındadır. Ələkrəm Hümbətovun fəaliyyəti həmin ölkələr tərəfindən və bu ölkələrdə olan anti-Azərbaycançı mərkəzlər tərəfindən dəstəklənir. Ancaq bunun heç bir nəticəsi və effekti olmayacaq. Çünki onlar hər nə qədər Azərbaycanda xaos, qarşıdurma, etnik zəmində yeni problemlər yaratmağa çalışsalar da bu baş tutmayacaq. Çünki Azərbaycanda artıq azərbaycanlı sosial kimliyi bərqərar olub. Bir azərbaycanlı identikliyi sosial kimlik olaraq ortaya çıxıb. Azərbaycanlı sosial kimliyinin, sosial identikliyinin içərisində türk, tat, talış, ləzgi, avar, saxur və.s xalqlar var. Bütün bu xalqların birliyi Azərbaycan xalqını formalaşdırıb. Biz azərbaycanlıyıq və Azərbaycan xalqı özünəməxsus modern, intellektual əsaslarda dərk edilən cəmiyyət qurub. Ona görə də bu cəmiyyətə, xalqımızın qurduğu siyasi sistemə kənardan neqativ impluslar daxil etməyə çalışan hər bir provokatorun cəhdi boşa çıxacaq.

Ələkrəm Hümbətov İrəvanda olmaqla özünü ifşa edir. Əlbəttə ki, o çoxdan ifşa edilib və aciz vəziyyətdədir. Ermənistan Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində bütün iqtisadi layihələrdən kənarda qalıb. Hətta o qədər gücsüzləşib ki, MDB Kollektiv Təhlükəsizlik Şurasının toplantısında belə gözləntilərini əldə edə bilmədi. Ona görə də Ermənistan xalqı və siyasətçiləri içərisində fobiya başlayıb. Onlar Ermənistanın gələcəyindən, Azərbaycanın gücündən, qüdrətindən qorxurlar. Bu qorxunun nəticəsidir ki, suda boğulan insan əlini saman çöpünə atan kimi bunlar da Ələkrəm Hümbətovdan siyasi bir fiqur düzəltmək istəyirlər. Bu mümkün olan hal deyil, onların hiyləsi baş tutmayacaq.

"Milli Şura" da anti-Azərbaycançı mərkəzlər tərəfindən yaradılan və Azərbaycan cəmiyyətinə transfer edilməyə çalışılan qurumdur. Şura ideyası bizə ötən əsrin əvvəlində şimaldan gəlib. Çox ironikdir ki, 21-ci əsrin əvvəlində şura ideyasını yenidən Azərbaycan cəmiyyətinə sırımağa çalışırlar. Birinci tarixi mərhələdə şura hökuməti Azərbaycanda quruldu. Məhz bu hökumət qurulan zaman Ermənistan dövləti meydana çıxdı, Dağlıq Qarabağa muxtariyyət verildi və gələcəkdə Azərbaycandan ayrılması üçün zəmin yaradıldı. İkinci şura dövründə də bunlar Azərbaycanla eyni oyunları oynamağa çalışırlar. Amma çox kəskin bir fərq var. Ötən bir əsr ərzində Azərbaycan xalqında yeni keyfiyyətlər, intellektual əsaslarda çox modern cəmiyyət formalaşıb. Bu cəmiyyət öz maraqlarını çox aydın görür, müdafiə edir və bu yolda hər cür fədakarlığa hazırdır. Bu xalqın siyasi düşüncəsi, sosial siyasi təfəkkürü özünə məxsus bir model yaradıb. Bu modelin adı müstəqil Azərbaycan dövlətidir. Bu modeli formalaşdıran Ulu Öndər Heydər Əliyev olub. Bu gün isə cənab Prezident İlham Əliyevdir. Belə olan halda milli cəmiyyətimizin özünə məxsus ictimai refleksləri var. Kənardan yad ideyalar gələndə bu ictimai refleks dərhal işə düşür və kənardan gələn xarici müdaxilələri rədd edir. Ona görə də 21-ci əsrdə qabağına aldadıcı milli sözü əlavə edilən həmin şura ideyasını Azərbaycan ictimai fikri rədd etdi. Azərbaycanda bu ideya pərvərlik tapa bilmədi. İctimai-siyasi, ideoloji vasitələrlə Azərbaycan cəmiyyətinə ayaq tapa bilməyən bu şuranı hüquqi vasitələrlə Azərbaycanda yenidən təbliğ etməyə çalışırlar. Çünki ictimai-siyasi sistem loyaldır, elastik və çoxşaxəlidir. Ancaq hüquqi sistem konkret və sərtdir. Yəni ictimai platformada, bu yad və dağıdıcı ideya Azərbaycan cəmiyyətinə daxil ola bilmədi. Amma bir Azərbaycan vətəndaşı tapıldı ki, bu ideyanın həyata keçirilməsi ilə məşğul olsun. Beləliklə Cəmil Həsənli vasitəsi ilə "Milli Şura" ideyasının hüquq sistemimizə daxil edilərək, yenidən cəmiyyətə transfer olunması üçün cəhd göstərilir. Burada məqsəd ondan ibarətdir ki, bu ideya vasitəsi ilə Azərbaycanı dağıtsınlar. Buna bariz nümunə "Milli Şura"nın bəzi üzvlərinin Ələkrəm Hümbətova dəstək verməsidir. Heç bir debatda, tədbirdə "Milli Şura" üzvlərinin heç biri Dağlıq Qarabağdan danışmır. Çünki öhdəçilik götürüblər ki, Dağlıq Qarabağ veriləcək. Bunu "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan etdi. Deməli Cəmil Həsənli də İbrahimbəyovun dublyorudur. Onun dediklərini həyata keçirir. Ona görə də bu iki hadisə, Cəmil Həsənlinin vahid namizədi olduğu "Milli Şura" ilə Ələkrəm Hümbətovun tərənnüm etdiyi düşüncə arasında paralellər mövcuddur. Bunlar sinxron hərəkət edirlər. Yəni siam əkizləridir.

"Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənli dünənki debatda iddia etməyə çalışırdı ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmır. Bu onun özünəməxsus absurd fikirləridir. Məsələ burasındadır ki, Azərbaycan xalqına Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "Milli Şura" üzvlərinin vurduğu ziyanı heç ermənilərin özləri də verməyiblər. Əvvəlcə Əkrəm Naibov bədnam "Daş Yuxular" romanını yazdı, ardınca Rüstəm İbrahimbəyov bəyan etdi ki, Dağlıq Qarabağı Ermənistana birləşdirəcək, bu gün isə separatçı Ələkrəm Hümbətov İrəvandadır və Azərbaycana separatizmi qaytarmağa çalışır. Bütün bunları "Milli Şura" və onların ağız dolusu danışdığı insanlar edir. Sizcə bu qurumun Azərbaycan dövlətini Dağlıq Qarabağ münaqişəsini həll etməməkdə ittiham etməsinə nə qədər mənəvi haqları çatır?

Bu gün beynəlxalq münasibətlərdə qlobal tendensiyalar baş verir. Eyni zamanda netokratiya, mundualizm kimi yeni nəzəriyyələr formalaşır. Bunların məqsədi beynəlxalq münasibətlərin aktoru kimi milli dövlətləri sıradan çıxartmaqdır. Milli dövləti sıradan çıxardaraq, qlobal dövlətin əyalətinə çevirmək üçün, ilk növbədə həmin dövlətin milli dövlətçiliyini və liderini xalqın əlindən almaq lazımdır. Bu gün beynəlxalq münasibətlərdə imperialist mərkəzlər tərəfindən lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti həyata keçirilir. "Milli Şura" kimi qruplar və Cəmil Həsənli kimi şəxslər də ölkə daxili təzyiq qruplarıdır. Belələri bu imperializmə, milli dövləti dağıdan, mundualimzə, netokratiyaya, qlobal dövlət ideyasına xidmət edən ünsürlərdir. Belə olan halda onlar əsla milli maraqları qoruya bilməzlər. Yəni onlar Dağlıq Qarabağ problemi haqqında danışa bilməzlər. Biz mətbuata replika atdıq ki, niyə Cəmil Həsənli Dağlıq Qarabağ haqqında danışmır? Dərhal, dünənki debatda Dağlıq Qarabağdan danışmağa başladı. Əmin olun ki, həmin replika olmasaydı Cəmil Həsənli Dağlıq Qarabağdan əsla danışmayacaqdı.

Cəmil Həsənli Dağlıq Qarabağ münaqişəsinin həll olunması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə kimi Azərbaycanı öz real siyasi gündəliyindən uzaqda tutmağa çalışır. Cəmil Həsənli bunu tamamilə manipulyativ şəkildə təqdim etməklə gündəliyi dəyişir. Dağlıq Qarabağ məsələsi ilə bağlı digər namizədləri də danışmağa qoymur. Çünki ölkənin siyasi gündəliyində olmayan, qeyri-ciddi, qeyri-əxlaqi məsələlərlə siyasi gündəliyi manipulyasiya edir. Amma o, bir məsələni unudur. Cəmil Həsənli o zaman siyasi gündəliklə manipulyasiya edə bilər ki, onun psixoloji enerjisi, müraciət etdiyi auditoriyanın psixoloji enerjisini üstələsin. Ancaq Cəmil Həsənlidə bu yoxdur. Ona görə də onun bu manipulyasiyaları özünə qarşı yönəlir. O, özünü gözdən salır və ifşa edir. Bu isə çox yaxşı haldır.

- Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə görə, xarici dövlətlərə və xarici hüquqi şəxslərə seçkiqabağı təşviqatın aparılması, hər hansı təşviqat materiallarının yayılması qadağan edilir. Ancaq "Azadlıq radiosu" təbliğat-təşviqat kampaniyası başlayandan bu işlə məşğuldur. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- 2001-ci ildən qlobal dövlət və mundualizm nəzəriyyəsinin addım-addım həyata keçirildiyinin şahidiyik. Transmilli media isə buna xidmət edən vasitədir. Yəni, informasiya imperializmi kimi səciyyələndirdiyimiz bu imperializmin cəbhəxanası "Twitter", "Facebook" və internetdir. Bunlar hər zaman adıçəkilən imperializmə xidmət edir. Onlar bütövlükdə ictimai şüurla manipulyasiya edirlər. Bu gün "Azadlıq radiosu" və digər transmilli media orqanları Azərbaycanın daxili siyasi auditoriyasına müdaxilə etməklə bunu sübut edirlər ki, infoimperializmə xidmət edirlər. Eyni zamanda heç çəkinmədən milli dövlətin, beynəlxalq münasibətlərin müstəqil aktorunun daxili işlərinə qarışırlar. Hər hansı bir transmilli media orqanının bu şəkildə davranışı Azərbaycan hüquq sisteminə və beynəlxalq hüquqa ziddir. Yəni bu, bir ölkənin daxili işlərinə qarışmaq deməkdir. Buna görə də Azərbaycanın müvafiq orqanları və Mərkəzi Seçki Komissiyası məsələ ilə bağlı tədbirlər görməlidir. Belə hərəkətlər tamamilə qeyri-qanunidir və bir dövlətin daxili işlərinə qarışmaq deməkdir. Bu əlaqə bir daha "Milli Şura", Cəmil Həsənli, Ələkrəm Hümbətov, ermənilərin və anti-Azərbaycançı dairələrin sinxron hərəkətinin eyni mərkəzlərdən idarə olunduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə