Məlahət İbrahimqızı: “İlham Əliyev güclü diplomat, dövlət xadimi və uzaqgörən siyasətçidir” AÇIQLAMA

Məlahət İbrahimqızı: “İlham Əliyev güclü diplomat, dövlət xadimi və uzaqgörən siyasətçidir” AÇIQLAMA

"İnanıram ki, 9 oktyabr 2013-cü ildə Azərbaycan xalqı növbəti 5 il üçün də ölkəmizin taleyini həll edən, dövlətimizi günü-gündən gücləndirən Dövlət başçısı İlham Əliyevə səs verəcək". Bunu SİA-ya YAP Siyasi şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son 10 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlər haqqından danışarkən deyib.

Təşkilat sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) 600 mindən artıq üzvü var. Bu o deməkdir ki, artıq YAP bir xalq partiyasıdır: "Cənab Prezident hansısa ayrı-ayrı siyasi qurumun, partiyanın deyil, xalqın namizədidir. Təbii ki, bu da əbəs yerə deyil. Hətta belə misal da var ki, "görünən dağa, bələdçi lazım deyil". 2003-ci ildə ilk dəfə olaraq dövlət başçısı seçilən cənab Prezident İlham Əliyev, "Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam" ifadələrini dilə gətirdi. Bu gün Azərbaycan Avropanın inkişaf etmiş ölkələri səviyyəsindədir. Əgər biz Azərbaycana nəzər salsaq görərik ki, ölkəmizin siması başdan-ayağa necə dəyişib və inkişaf edib. Ölkəmizin hər bir yeri sanki gözəllik yarışmasına və inşaat meydanına çevrilib. Hətta 70 illik Sovet dövründə belə insan ayağı dəyməyən ən ucqar kəndlərimiz gündən-günə inkişaf edir. Bu kimi işlərə xeyli sayda nümunə göstərə bilərik. Bir sözlə, ölkəmizin bütün sahələri getdikcə inkişaf edir. Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər milli səviyyədə deyil, regional, beynəlxalq səviyyədə qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan şəxsi nüfuzunun göstəricisidir ki, Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Artıq ikinci ildir ki, ölkəmiz BMT TŞ-da sədrlik edir. Bu çox böyük, şərəfli və qürurverici amildir. Ölkə Prezidenti bütün sahələrdə, ancaq Azərbaycanın milli maraqlarına xidmət edən siyasət həyata keçirib. İlham Əliyev güclü diplomat, dövlət xadimi və uzaqgörən siyasətçidir".

Bütün xəbərlər Facebook səhifəmizdə