Politoloq: “Onlar radikal və dağıdıcı müxalifət imicini qazanıblar” MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, artıq "Milli Şura" parçalandı. Sizcə, qurumun bundan sonrakı taleyi necə olacaq?
- Ümumiyyətlə, şura sözü Azərbaycanın XX əsr siyasi leksikonunda bir yamaq idi. Onlar həmin bu addımı XXI əsrdə yenidən bizim siyasi leksikona yamamaq istədilər. Amma bu baş vermədi. Hər iki halda şura ideyası, hökuməti də Şimaldan gəlib. Bu ideya 70 ildən çox müddətdə Azərbaycanı öz əsirinə, müstəmləkəsinə çevirməyi bacarıb. XXI əsrdə isə şura adı altında həmin sözün əvvəlinə aldadıcı milli sözü artırılmaqla, Azərbaycana "Milli Şura" ideyası ixrac edildi. Amma bu baş tutmadı. Çünki, hər bir ölkənin, xalqın özünəməxsus formalaşdırdığı siyasi sistem var. Bu sistem özü dinamik inkişaf edən rasional və daim keyfiyyət dəyişikliyinə uğrayan sistemdir. Beləki sistem daxilində böyük və hərəkətdə olan dinamik güclər var. "Milli Şura" ideyası Azərbaycana ixrac edilən ideya idi. Ona görə də bir sıra "Milli Şura" marginal qruplardan başqa, Azərbaycanın siyasi sistemində özünə yer tapa bilmədi. Bədbəxtçilik isə ondadır ki, bu, "Milli Şura" ideyası Azərbaycan cəmiyyətinə daxil olar-olmaz müxalifəti iflic vəziyyətinə saldı. Bu, müxalifət dediyimiz son 20 ildə Azərbaycanın siyasi sistemində fəaliyyət göstərən, radikal müxalifət kimi səciyyələndirilən dağıdıcı müxalifət idi. Əlbəttə, bu dağıdıcı müxalifətin ömrü Azərbaycan tükənib. Çünki, onlar cəmiyyətdə baş verən proseslərə rasional yanaşmırdılar və ölkədə yeni keyfiyyət dəyişikliyinin dinamikasını izləyə bilmirdilər. Məhz buna görə də onlar Azərbaycanda radikal və dağıdıcı müxalifət imicini qazanıblar. Məsələ isə ondadır ki, siyasi ömrünü bitirən və radikal müxalifət adlandırdığımız bu qruplar da "Milli Şura"nın girovuna çevrilməklə bir növ özlərini məhv etdilər. Yəni, cəmiyyətdə, sistemdə mövcud olan siyasi təşkilatın müəyyən ömrü olur. Amma bunlar intihar etdilər. Hesab edirəm ki, bu, onlar üçün layiqli bir sonluq idi. Biz bilirik ki, bu gün "Milli Şura" müxtəlif adlarda ("El" hərəkatı, Müsavat Partiyası, AXCP və s. partiyalar), amma eyni elektoratdan ibarət qrupların birləşməsi idi. Əlbəttə ki, bununla nailiyyət qazanmaq olmaz. Azərbaycanda sağlam, konstruktiv və rəqabət qabiliyyətli müxalifət var ki, onlar da ölkəmizin Milli Məclisində təmsil olunurlar. Eyni zamanda Azərbaycanın siyasi sistemində güclü, aparıcı və lokomotiv partiya var ki, bu da Yeni Azərbaycan Partiyasıdır. Bu mənada hesab edirəm ki, "Milli Şura" və onun ətrafında olan radikal müxalifəti biz siyasi sistemimizin autsayderləri kimi səciyyələndirə bilərik. Amma bu proses də öz məntiqi sonluğuna çatdı. Belə ki, həmin qurum parçalandı, dağıldı və dağılmaqda da davam edir. Çünki, bunun əsasında siyasi fəaliyyətlərini bir-birini təhqir, şantaj, ittiham etmək üzərində quran iki marginal qrup var ki, bunlarda biri Müsavat Partiyası, digəri isə AXCP-dir. Hər bir sistemin klassik, ənənəvi daxili strukturu var. Bu hər bir demokratik cəmiyyət o cümlədən Azərbaycan üçün keçərlidir. Onların namizədi kim olursa-olsun (orta səviyyəli tarixçi, siyasi dublyor) artıq öz sonluqlarını tezləşdiriblər. Məsələ ondadır ki, hər bir cəmiyyətdə hər hansı siyasi təşkilat yaranarkən onun konkret ideyası və ideologiyası olur. Bu gün "Milli Şura"nın hansı platforma, məqsədlə, ideya atılması belə, bəlli deyil.
- Sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş oldu. Görüşün nəticəsi barəsində nələri demək olar ?
- Görüşün nəticəsindən danışmaq mənasızdır. Çünki, bu görüş Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini Ermənistanın daxili auditoriyası üçün neytrallaşdırmaq məqsədi daşıyırdı. Hətta bu barədə Azərbaycan mətbuatında mütəmadi olaraq məlumatlar verilir. Belə ki, Vladimir Putinin ölkəmiz səfərini və Rusiya-Azərbaycan arasında formalaşan yeni keyfiyyətdə münasibətləri Ermənistan tərəfi həzm edə bilmir. Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması heç şübhəsiz ki, həm Ermənistan əhalisini, həm də bu dövlətin prezidentini çox ciddi narahat edib. Bu, işğalçı ölkənin prezidenti Serj Sarkisyanı narahat edirdi ona görə ki, Putinin səfərindən sonra Ermənistanda hansı proseslər baş verib. Bu isə Rusiya dairələrinin general-qubernator kimi təyin etdikləri Serj Sarkisyanın kreslosunu laxlatmağa səbəb olub. Ona görə də bu görüşün əsas məqsədi Ermənistanın daxili auditoriyasına isti mesaj verməkdən ibarət idi. Rusiya və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə etmələrinə gəlincə, hesab edirəm ki, bu, yolverilməzdir. Bəs gəlin görək, bu, nəyə görə belədir? Rusiya Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Ermənistan dövlətinin yaradıcısı və idarəedicisidir. Təbii ki, bunlar qeyri-rəsmidir. Bununla belə rəsmi Moskva bu gün regionun ən böyük aktrlarından, dövlətlərindən biri kimi bu problemin həll olunmasında məsuliyyət daşıyan ölkədir. Rusiya bizim Şimal qonşumuz olmaqla bərabər, BMT TŞ-nın mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə olan halda Rusiya dövləti heç olmasa, zahiri etika xatirinə beynəlxalq hüquqla hesablaşmalıdır. Amma təəssüflər olsun ki, bir çox hallarda rəsmi Moskva bunu etmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə səmimi münasibət göstərmir.
- Son olaraq, dünya mətbuatının da gündəmindən düşməyən Suriyada baş verən proseslərə diqqətiniz yönəltmək istərdim. Həmin proseslərin Yaxın Şərq regionuna təsirləri barədə nələri demək olar?
- Hələ XX əsrin görkəmli siyasi xadimi, Böyük Britaniya demokratiyasının atası hesab olunan Uinston Çörçil deyib ki, "demokratiya bizim uzaq vuran silahımızdır. Biz onunla istənilən hədəfi dəqiq vura bilərik". Bu gün o silah yəni, demokratiya silahı vasitəsilə Yaxın Şərq və Şimali Afrika vurulur. Bəs nə üçün vurulur? Çünki, Qərbin mənimsədiyi qlobal dövlət və mondializm (tək və dövlət nəzəriyyəsi) nəzəriyyəsi var. Amma tək dövlət dedikdə bunu klassik dövlət modeli kimi qəbul etmək olmaz. Bu, imperalizmin yeni keyfiyyətdə təzahürüdür. Biz bu imperalizmi info-imperalizm adlandırmışıq. Bu gün bütün bu proseslər info-imperalizmin planlarını və məqsədlərini həyata keçirmək atılan proseslərdir. Suriya həm daxili etnik struktur, həm də yerləşdiyi coğrafiya etibarilə olduqca əhəmiyyətli ölkədir. Məlumdur ki, Suriya uzun illər SSRİ-nin Yaxın Şərqdə əsas dayaqlarından biri olub. Beləcə bu gün Suriyada hələ də Bəşər Əsəd rejiminin ayaqda qalmasının əsas səbəblərindən biri Rusiya, İran və Çinin Suriya rejimini dəstəkləməsidir. Amma sonuc nə olursa-olsun, bu rejim gec və tez yox olacaq. Çünki, demokratiya cəmiyyətin öz daxilində yetişməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB