"Ötən 10 il Azərbaycan dövləti üçün sosial-iqtisadi və siyasi inkişaf baxımından əhəmiyyətli olub. 2003-2013-cü illər ərzində ölkənin bütün istiqamətlər üzrə tərəqqisi müşahidə olunub. Əlbəttə ki, bu illər ərzində Azərbaycanın beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətləri də olub". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Millət vəkili bildirib ki, son 10 il ərzində Azərbaycan sosial-iqtisadi sahədə çox ciddi uğurlara imza atıb: "Belə ki, ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, insanların gəlirləri 10 dəfələrlə yüksəlib, valyuta ehtiyatları 50 milyard dollardan artıq olub və nəticə etbarilə Azərbaycan ÜDM-un həcminə, maliyyə kütləsinə və əhali potensialına görə, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bir qədər də təhlilin dairəsini genişləndirsək görərik ki, ötən müddət ərzində Azərbaycan imkanlarını artırmaqla regiondakı bütün transmilli sosial-iqtisadi layihələrin əsas icraçısına və söz sahibinə çevrilib.
S.Vəliyeva vurğulayıb ki, son 10 ildə siyasi sahədə Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub: "Yəni, siyasi sistemin, siyasi institutların, vətəndaş cəmiyyətinin, vətəndaş-dövlət münasibətlərinin inkişafı prizmasından böyük uğurlar əldə olunub. Demokratikləşmə yolunda ciddi addımlar atılıb, ölkəmizin şəffaf seçki keçirmə təcrübəsi, azad, müstəqil mətbuatı formalaşıb, insanların azad söz, fikir, toplaşma azadlıqları kimi hüquq və azadlıqları təmin yüksək səviyyədə təmin edilib və bu proses bu gün də davam edir".
"Ötən 10 il ərzində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz yerini daha möhkəmləndirib, dünyanın bir çox dövlətlərilə münasibətlərini genişləndirib, planetin Avrasiya və Şimali Amerika ilə yanaşı, Afrika və Latın Amerikası kimi geosiyasi məkanları diplomatik, sosial-iqtisadi əlaqələrini dərinləşdirir. Məhz, son 10 il ərzində həyata keçirilmiş məqsədyönlü və balanslaşdırılmış xarici siyasətin nəticəsidir ki, Azərbaycan BMT-nin 155 üzvünün dəstəyilə ümumdünya təşkilatının ən ali qurumunun – Təhlükəsizlik Şurasının üzvü seçilib. Bununla yanaşı, reallaşdırılan düzgün siyasətin yekunudur ki, Azərbaycan dünyada 50-dən artıq mövcud olmayan kosmik ölkələr klubuna daxil olub. Eyni zamanda, ölkəmizin xarici siyasətinin prioritetini təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılıb. Bu yöndə həyata keçirilən hücum diplomatiyası sayəsində Ermənistan təslimolma vəziyyətinə salınıb. Təsadüfi deyil ki, artıq dünya təşkilatları, ayrı-ayrı dövlətləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa vadar edir. Bu arada qeyd edək ki, dünya ölkələri, beynəlxalq humanitar təşkilatlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin vurduğu ağır zərərlərin aradan qaldırılması istiqamətində yürütdüyü siyasəti bəyənir. Hətta, 2007-ci ildə bütün çadır şəhərciklərinin ləğv edilməsi yönündə atılan addımlar bütün dünyanı heyran qoyub. Bundan başqa Azərbaycan 700 milyonluq tamaşaçısı olan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etdi və 2015-ci ildə Avropa Olimpiya Oyunlarına hazırlaşır. Məhz, bütün bunlar Azərbaycana olan beynəlxalq etimadın nəticəsidir", - deyə millət vəkili sözlərinə əlavə edib.
S.Vəliyeva qeyd edib ki, bu illər ərzində daha çox diqqət cəlb edən məqam Azərbaycanın son 10 ildə sosio-mədəni sahədə evolyusiya keçməsidir: "Bu, o deməkdir ki, cəmiyyətimiz təhsil, elm, səhiyyə, mədəniyyət sferalarında böyük inkişaf yolu keçib və bütün bunların fonunda sosiumun siyasi şüuru, siyasi mədəniyyəti, siyasi davranışı, milli maraqlar haqqında düşüncəsi də dəyişib, müstəqil Azərbaycanın mənafeyinin qorunmasına istiqamətlənən faktora çevrilib. Beləliklə də, aydın olur ki, son 10 il ərzində Azərbaycan dövləti və xalqı ciddi inkişaf dövrü yaşayıb və bu illər ərzində qazanılan nailiyyətlər ölkəmizin uzunmüddətli perspektiv tərəqqisi üçün möhkəm təməl rolunu oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB