Politoloq: "İtaliyanın Azərbaycanla əməkdaşlıq etməkdə məqsədi..."

Politoloq: "İtaliyanın Azərbaycanla əməkdaşlıq etməkdə məqsədi..."

"Bundan sonra dünyada əhəmiyyətli dövlətlər olan böyük səkkizliyin tərkibində yer alan İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq inkişaf edərək genişlənəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana etdiyi səfərin yekunlarına dair məsələyə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, Azərbaycana edilən xarici səfərlər getdikcə intensivləşir və burada əsas maraq ondan ibarətdir ki, Azərbaycan bu gün misli görünməmiş inkişaf nümayiş etdirir: "Dünya ölkələrində iqtisadi böhranın baş qaldırdığı bir vaxtda Azərbaycanda iqtisadi inkişaf tempi durmadan artır. Cənab prezidentin keçirdiyi son müşavirədə qeyd etdiyi kimi, son 6 ay ərzində ümumdaxili məhsulda 5% artım əldə edilib. Çox iftixar duyulacaq haldır ki, qeyri-neft sektorunda isə 11% artım olub. Azərbaycanın yüksək inkişaf tempi xarici dövlətlərin ona olan marağını artırıb. İtaliyanın Azərbaycanla əlaqələri genişləndirməkdə əsas məqsədi isə məhz öz iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir".

Elman Nəsirli qeyd edib ki, İtalya bu gün iqtisadi baxımdan əziyyət çəkən dövlətlərdən biridir: "İki ölkə arasında əlaqələr geniş şaxəli əməkdaşlığa malikdir. Son olaraq Azərbaycan neftinin Türkiyəyə, buradan Yunanistana, daha sonra Albaniyaya və buradan da İtaliyaya nəql edilməsi, nəticədə isə neftimizin Qərbi Avropa bazarına çıxması müdhiş bir hadisədir. Belə bir addımın atılması xüsusilə İtaliyada müsbət qarşılandı. İtaliyanın baş naziri də keçirdiyi mətbuat konfransında qeyd etdi ki, İtaliyadan Azərbaycana növbəti yüksək rütbəli rəsmi şəxslər gələcəklər. Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev 2 dəfə İtaliyada rəsmi səfərdə olub. Bu da ələqələrin dövlət başçıları səviyyəsində inkişaf etməsinə bir nümunədir".

Bütün xəbərlər Facebook səhifəmizdə