Fəzail Ağamalı: “Rüstəm İbrahimbəyov Kremlin qucağında oturub”

"İbrahimbəyov Azərbaycan dövlətinə qarşı aparılan mübarizənin önündə gedir"
Fəzail Ağamalı: “Rüstəm İbrahimbəyov Kremlin qucağında oturub”

"Bu gün bəzi insanlar Azərbaycanın əldə etdiyi uğurlara qara eynəklə baxaraq, xaricdən himayədar axtarır. Azərbaycan Xalq Cümhuriyyətini bolşeviklərə satan Əliheydərlərin, Çingizlərin, Sultan məcidlərin, Şaumyanların, Mikoyanların əməllərini həyata keçirən insanlar var". SİA-nın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı partiyanın VI Qurultayındakı çıxışı zamanı səsləndirib.

Partiya sədri təəssüflə qeyd edib ki, Kremlin xüsusi layihəsi olan "Milli Şura"da, özünün milli, demokratik adlandıran qüvvələr iştirak edirlər: "Bu insanlar sübut edirlər ki, onlar heç də milli, demokratik qüvvə deyil, antimilli qüvvələrdir. Onlar Azərbaycanın milli maraqlarını öz ambisiyalarına qurban verən, Rusiya layihəsində iştirak edən şəxslərdir".

F.Ağamalı vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev birmənalı olaraq müstəqil siyasət yeridir: "Ölkə başçısı nə amerikapərəst, nə qərbpərəst, nə Rusiyapərəst siyasət aparmır. Azərbaycan Prezidenti Azərbaycanpərəst, Azərbaycan meylli, xalqın maraqlarına xidmət edən siyasət aparır. Azərbaycanda isə maraqları olan bir çox dövlətlər var. Aparılan müstəqil siyasət onların hər birini qıcıqlandırır. Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır. Avrasiya İttifaqı isə modern SSRİ-nin bərpası deməkdir. Kreml Azərbaycanı Gömrük İttifaqına cəlb etməyə çalışır. Bu isə Azərbaycanın iqtisadi cəhətdən keçmiş SSRİ-nin iqtisadi məkanına qaytarılması deməkdir. Həmçinin Rusiya Azərbaycanın Təhlükəsizlik İttifaqına cəlb etməyə çalışır. Bu da Azərbaycanın hərbi imkanlarını, hərbi qüvvəsini məhdudlaşdırmaq və bütövlükdə keçmiş SSRİ kimi vahid bir məkanda cəmləşdirmək niyyətidir. Azərbaycan bu təkliflərə yaxın durmamaqla, doğru addım atır. Ona görə də Kremldə xüsusi layihələr hazırlanır, "Milyarderlər İttifaqı", "Milli Şura" kimi qurumlar meydana gəlir. Kimdir bunlar? Bunların adı azərbaycanlı, lakin Azərbaycanla hər hansı bir bağlılığı olmayan, hətta dilimizdə danışa bilməyən insanlardır".

F,Ağamalı bildirib ki, bu gün torpaqdan məhrum edilmiş, incik düşən R.İbrahimbəyov Azərbaycan hökumətinə asi kəsilib: "Bu gün AVP üzvlərinin hansının imkanları Rüstəm İbrahimbəyov qədərdir? Düşünürəm ki, heç birinin imkanları onun qədər deyil. Biz heç birimiz ambisiyalarımızı qaldırmırıq, vətəni hər şeydən uca tuturuq. Amma Rüstəm İbrahimbəyov inciyən kimi, gedir Kremlin qucağında oturur. Beləliklə, İbrahimbəyov Azərbaycan dövlətinə qarşı aparılan mübarizənin önündə gedir. Bu insanlar Kremlin məqsədlərinə xidmət edir. Rusiya istəyir ki, Azərbaycanda onun maraqlarını təmin edəcək insan hakimiyyətə gəlsin, Azərbaycanı suveren hüquqlardan məhrum etsin və ölkəmizin müstəqilliyi formal xarakter daşısın. Yəni, Rusiyanın əsas niyyəti Azərbaycanı da Ermənistan kimi öz forpostuna çevirməkdir. Yaradılmış olan antimili şura, orada toplaşan partiyalar sözün həqiqi mənasında Azərbaycan dövlətinə xəyanət etməkdan başqa bir işlə məşğul deyillər".

F.Ağamalı vurğulayıb ki, AVP Azərbaycanda ən güclü olanın hakimiyyətə gəlməsində maraqlıdır: "Biz Azərbaycanda hakimiyyətin naşıların, kinorejissorların, ssenaristlərin, baytar həkimlərin, dövlət idarəçiliyindən başı çıxmayanların əlinə keçməsinə imkan verən partiya deyilik. Son ana qədər bu mübarizənin önündə gedəcəyik".

AVP sədri vurğulayıb ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəyyən problemlər möcvuddur, amma ölkə başçısı İlham Əliyevin iradəsi bu problemlərin həllinə köklənib: "Bu gün Azərbaycan xalqını narahat edən ən böyük məsələ Dağlı Qarabağ problemi, torpaqlarımızın işğaldan azad edilməsidir. Bununla bağlı ölkə Prezidentinin mövqeyi hər kəsə bəllidir. Bu AVP-nin mövqeyi ilə üst-üstə düşür. Biz bir qarış torpağımızı da Ermənistana güzəştə getmək niyyətində deyilik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti ola bilməz. Biz də bu mövqedəyik".

F.Ağamalı bildirib ki, Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, Xəzər dənizi istisna olmaqla, şərqdən, qərbdən, şimaldan, cənubdan olan bütün dövlətlərin maraqları burada toqquşur: "Bu dövlətlərin hər biri öz maraqlarını təmin etməyə çalışır. Qərb çalışır ki, Azərbaycanı karbo-hidrogen ehtiyatlarını mənimsəyəcək qədər zəiflətsin. Rusiya isə siyasi və iqtisadi maraqları ilə çıxış edir. Şimal qonşumuz çalışır ki, Azərbaycan karbo-hidrogen ehtiyatlarını Avropaya Rusiya vasitəsi ilə çatdırsın. Buna səbəb Rusiyanın Avropanın neft və təbii qaz bazarlarındakı hegemonluğu ilə bağlıdır. Azərbaycan bu bazara müəyyən qədər təsir edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Amma bu maraqların toqquşmasına baxmayaraq, Azərbaycan əmin addımlarla irəliləyir və heç kim dövlətimizi bu yoldan döndərə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə