İman Nağıyev: “Sübuta yetirin ki, hansısa işlə bağlı qərar verərkən asılı olmuşam”

İman Nağıyev: “Sübuta yetirin ki, hansısa işlə bağlı qərar verərkən asılı olmuşam”

"Hakimliyə namizədlərin seçimi zamanı elə bir imtahan olmayıb ki, hər hansı bir müşahidəçi olmasın. Yazılı və test imtahanlarında yüksək bal toplamış şəxslərin şifahi imtahanlardan kəsilməsi ilə bağlı məsələ qəbuledilməzdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin sədri, Hakimlərin Seçki Komitəsinin rəhbəri İman Nağıyev deyib.

Onun sözlərinə görə, hakimlərin seçkisi yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir: "Seçkilər Avropa Şurasının ekspertləri tərəfindən müəyyən olunmuş, razılaşdırılmış qaydalarla həyata keçirilir. İmtahan komissiyasının üzvü bu qaydalara uyğun olaraq, namizədin cavablarına öz balını verir. Ballara uyğun olaraq namizəd keçmiş və ya keçməmiş hesab olunur. Hakimlərin siyasi baxışlarına görə, seçim edilməsi haqda deyilənlər isə həqiqətə uyğun deyil. Son təyinatların siyahısında əqidəsinə görə, vaxtilə başqa siyasi partiyaların üzvü olan şəxslər də var".

İ.Nağıyev bildirib ki, hazırda hakimliyə 75 namizəd imtahanının son mərhələsinə keçib: "Onlar Məhkəmə Hüquq Şurasında söhbətdən keçəcəklər. Daha sonra onların hakim vəzifəsinə təyin olunması üçün dövlət başçısına təqdimat veriləcək".

İ. Nağıyev apellyasiya məhkəmə instansiyalarının hakimlərinin sayının artırılması ilə bağlı məsələyə də aydınlıq gətirib: "Məhkəmə instansiyalarının hakimlərinin sayının artırılması ilə bağlı proses davam etdirilir. Hazırda Bakı Apellyasiya Məhkəməsində hakimlərin sayı 48 nəfərdən, 53-ə çatdırılıb".

Bundan başqa İ. Nağıyev məhkəmələrin siyasi hakimiyyətdən asılılığı barədə səslənən iddialara da aydınlıq gətirib: "Belə bir asılılıq yoxdur. Bu iddia ilə çıxış edənlər bunu sübuta yetirməlidirlər. Siz sübut edin ki, mən hansısa işlə bağlı qərar verərkən asılı olmuşam. Bu iddianın doğru olduğunu təsdiqləyərəm. Mən 25 ildir ki, hakim işləyirəm. Mənə elə bir misal göstərin ki, bu 25 ildə hansısa verdiyim qərarda asılılığım olub. Onda deyərəm ki, düz danışırsınız. Amma belə bir şey yoxdur".

İ.Nağıyev vurğulayıb ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan məhkəmələrinin qərarlarından verilən şikayətlər kütləvi xarakter daşımır: " "2010-cu ildə Milli Məclisə keçirilən seçkilərlə bağlı bir sıra məhkəmə qərarları olub. Əlbəttə, bu qərarların bəziləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən beynəlxalq qanunların müddəalarına uyğun hesab edilməyib. Amma bunu seçkilərlə bağlı kütləvi pozuntu halı kimi qəbul etmək və dəyərləndirmək olmaz".

Seçici imzalarının yoxlanması ilə bağlı məsələyə aydınlıq gətirən İ.Nağıyev bildirib ki, bu iş Seçki Məcəlləsinə uyğun olaraq onu yoxlayan komissiyanın üzvlərinin səlahiyyətidir: "Yəni seçici imzalarının yoxlanmasını onlar həyata keçirirlər. Burada da bir sıra qaydalar nəzərdə tutulur ki, bunlarda ekspertiza qaydası keçirmək, mütəxəssis rəyi almaqdır. Təbii ki, qərar onu yoxlayan dairənin yaxud MSK-nın səlahiyyətli nümayəndəsinin üzərinə düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə