PA rəsmisi: “MŞ-nın təqdimatı olmayan heç bir jurnalist ev almayacaq”

PA rəsmisi: “MŞ-nın təqdimatı olmayan heç bir jurnalist ev almayacaq”

"2008-ci ildə qəbul olunan Medianın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaradılan fond medianın inkişafına xidmət edir. Kimsə deyə bilməz ki, Fondun fəaliyyəti ilə mediaya təzyiq mexanizmi var. Fond reket mətbuat istisna olmaqla, hər bir mətbuat orqanına, fəaliyyət istiqamətlərinə, yayılma arealına görə dəstək verir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.

PA rəsmisinin sözlərinə görə, 1998-ci ildən 2007-ci ilə qədər Azərbaycan mediası sözün əsl mənasında bərkə-boşa düşərək bugünkü mərhələyə qədəm qoyub: "Prezident İlham Əliyev mətbuata dövlət dəstəyini şəffaflaşdırdı, qanuniləşdirdi. 2008-ci ilə qədər mediaya cibdən-cibə, qeyri-şəffaf formada olunan dəstək medianın xeyrinə deyildi. Bu gün də dövlət siyasətinin və cənab prezidentin media siyasətinin əsas mahiyyəti azad medianın dairəsini getdikcə genişləndirmək, medianı siyasiləşdirməkdən çəkindirmək, kiminsə hakimiyyətə gəlməsində vasitə olmasına imkan verməməkdən ibarətdir. Medianın konsepsiyası abad vətən, nizam-intizamlı hökumət, dövlətin və hər bir vətəndaşının maraqlarının qorunması uğrunda olmalıdır. Eyni zamanda dövlətin maraqlarını qorumaq lazımdır".

Ə.Həsənov bildirib ki, MŞ bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə qurumdur: "Biz də bu qurumu tanıyırıq. Mətbuat Şurası jurnalistlərin seçkili orqanıdır. Jurnalistlərlə bağlı qərarları siz verirsiniz, dövlət olaraq biz də buna sayğı ilə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələləri müzakirə edir. Məsələn, dünən Nicat Dağların səhiyətindəki problemlə bağlı MŞ-nın müraciəti dərhal müsbət dəyərləndirildi. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınıb. Əgər bir quruma son iki ildə 3500-dən çox müraciət daxil olubsa, deməli, bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tapıb. Belə olan təqdirdə MŞ-nı mediamızın ümumi orbitinə çevirmək lazımıdır".

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd edib ki, artıq reket medianın fəaliyyət dairəsi daralıb: "Əvvəllər müstəqil mətbuatı saymaq çətin idisə, indi reket media orqanlarını saymaq çətinləşib. Artıq reket mediaya meydan yoxdur. Jurnalistlərə paylanacaq mənzillərin heç biri reket jurnalistlərə verilməyəcək. Belə şəxslər siyahıya düşə də bilməz. Çünki MŞ-nın nüfuzunu qorumalıyıq. Reket jurnalistikanın axırına çıxmaq, həm də mətbuata lazımdır. Bu, vicdanlı jurnalistlərin başı dik gəzməsi üçün lazımdır. İnanın, hörmətli jurnalistlərimizin bir çoxu bəzən məclislərdə jurnalist olduğunu deməyə çəkinirlər. Çünki reket jurnalistlər hörmət yeri qoymayıblar. MŞ-nın təqdimatı olmayan heç bir jurnalist ev almayacaq. Əlbəttə, hər qəzet 3 nəfərin namizədliyini verib. Lakin bu mərhələdə hər üç namizədə ev verməyəcəyik. Ən çox haqqı, xidməti olan jurnalistlər növbəliklə evlə təmin olunacaqlar. Bu evlərin verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa, heç bir öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən mənzil verildiyinə görə İlham Əliyevi tərifləyib, müxalifəti pisləmisi tələb olunmayacaq. Jurnalistlik missiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizdən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə