İbrahimbəyov necə müxalifətin "sevimlisinə" çevrildi?

Aydın Hüseynov: "Onun ixtiyarı öz əlində deyil"
İbrahimbəyov necə müxalifətin "sevimlisinə" çevrildi?

"Qanundan və siyasətdən anlayışı olmayan bir adamın arxasında gizlənməyin nə adı var?". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov İbrahimbəyovun Milli Şuranın namizədi kimi təqdim olunmasına münasibət bildirərkən deyib.

Aydın Hüseynov qeyd edib ki, bir müddət öncə "ziyalılar forumu", onun ardınca isə qondarma "milli şura" yaradaraq özünü seçkiöncəsi həssas bir situasiyada cəmiyyətə sırımağa çalışan Rüstəm İbrahimbəyov əslində öz istəyinin mahiyyətini ortaya qoymuş oldu: "Məlum oldu ki, ömrü boyu heç bir siyasi ədəbiyyatla belə tanış olmayan R.İbrahimbəyov kənardan idarə olunur və onun ixtiyarı öz əlində deyil. Müəyyən kənar qütblərin əlində özünü uşaq oyuncağı kimi aparan R.İbrahimbəyov sonradan az qala müxalifətin siması kimi təqdim edildi".

"Əslində isə bu günə qədər müxalifət tərəfindən daş-qalaq edilən R.İbrahimbəyov nə baş verdi ki, müxalifətin "sevimlisinə" çevrildi. Maraqlı nüanslardan biri də odur ki, 20 illik siyasi fəaliyyətlərinə R.İbrahimbəyov prizmasından don geyindirənlər indi öz acizliklərini heç olmasa dərk etsinlər. Özlərinə bir kənardan qiymət versinlər ki, bir rejissorun, qanundan və siyasətdən anlayışı olmayan bir adamın arxasında gizlənməyin nə adı var?" , - deyə təşkilat sədri sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə