Mübariz Əhmədoğlu: "Rusiya Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxarır”
Rusiyanın Cənubi Qafqaz regionu üzrə indiki siyasətini müstəqil siyasət qurmasının başlanğıcı hesab etmək olar. SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin iyun ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
M.Əhmədoğlunun sözlərinə görə, bu siyasətin 3 tərkib hissəsi var: "Birincisi, Rusiya Ermənistanın maraqlarını nəzərə almır, onu özünə strateji müttəfiq hesab etmir. İkincisi, Rusiyanın Gürcüstanla iqtisadi münasibətlərinin qurulmasında şərab məhsullarını ön plana çıxarması təsadüfi deyil. Gürcüstan ildə Rusiya bazarına 100 milyon dollara kimi şərab göndərmək niyyətindədir. Gələcəkdə bu rəqəmi artıracaq. Erməni şərabının Rusiya bazarında ən böyük rəqibi gürcü şərabı idi. Rusiya şərab bazarından 100 milyon dolların Gürcüstana gəlməsi, həmin məbləğin Ermənistana getməməsi deməkdir. Ermənistan RF-lə Gürcüstan arasında düşmənçilik yaratmaqla qazanc əldə etmək istəyirdi. Bir neçə il qazandı. İndi ondan da məhrum olur. Rusiya-Gürcüstan münasibətlərinin ermənilərin nəzarətindən çıxması və ya müstəqilləşməsi yaxın illərdə regionun arxitekturasını dəyişə bilər. İndi bu proses müəyyən mənada gürcülər üçün ağrılıdır, çünki Rusiya Gürcüstana etdiyi yaxşılığın Abxaziya və Cənubi Osetiyanı qorxutmasını neytrallaşdırmaq üçün müəyyən addımlar atmalıdır. Cənubi Osetiyadan inzibati sərhədlərin Gürcüstanın daxilinə doğru 300 metr irəliləməsi bu mahiyyəti daşıya bilər. Ermənistan Rusiyanın maraqlarını daha çox nəzərə almağa hazırdır. Rusiyanın daxili hərbi hissələrinə yerləşdirilməmiş "İskender-M" OTRK-nın Ermənistana gətirilməsi ilə bağlı ermənilərin yaydığı məlumatın bir məqsədi Azərbaycanı qorxutmaqdırsa, digər məqsədi Gürcüstana psixoloji təsirdir. BMT BA-da gürcü qaçqınlarının vəziyyəti müzakirə olunarkən Ermənistan ən azı neytral qala bilərdi, və ya səsvermədə iştirak etməzdi. Ermənistan səsvermədə iştirak edib, Gürcüstanın əleyhinə səs verən 16 dövlətdən biri oldu. Həmin səsvermədə 84 dövlət neytral, 30-dan çox dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi. Ermənistan Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionunda vəziyyəti gərginləşdirməklə bağlı müxtəlif "tryuk"lar həyata keçirir. Guya dalaşan gənclər yalnız Çaxalyanların iştirakı ilə barışa bilərlər, eləcə də Cavaxetiya erməniləri rəsmi İrəvanın qoyduğu sərhədi keçərkən 2,5 dollar dövlət rüsumu ödəməkdən narazılıq etməyə başlayıblar. Hər iki hal Cavaxetiya ermənilərini qızışdırmağa hesablanıb. Gürcüstanın Ermənistana cavab verməsi indiki şəraitdə Ermənistanı çətin vəziyyətə sala bilər. Ermənilərin gürcülərə qarşı bu hərəkətinin arxasında Qarabağ məsələsinin Cavaxetiya məsələsi ilə əvəzlənməsinə hesablanmış addım ola bilər. Üçüncü mənbə Rusiyanın Azərbaycanla apardığı yeni tipli siyasətdir. Rusiya Qarabağ da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır. Ermənistan bütün tarixi boyu əlində olan ən böyük üstünlüyündən məhrum oldu. Rusiya Cənubi Qafqazda müstəqil siyasət aparmağa, ermənilərin maraqlarını nəzərə almamağa başladı".
Politoloq qeyd edib ki, RF Federal Təhlükəsizlik Xidmətinin rəhbəri (FTX) N.Patruşevin İrəvana səfəri Rusiyanın Ermənistanla bağlı siyasətinin konseptual və inadkar olduğunu göstərdi: "N.Patruşev Ermənistanın bütün sərhədlərinin təhlükəsizliyinin təminini müzakirə etdi. Ermənistan dörd dövlətlə qonşudur. Onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Ermənistanın Gürcüstanla olan sərhədi Aİ-nin (Qərbin) nəzarəti altındadır. Ermənistan-Azərbaycan sərhədi hazırda nəzarətsiz zonadır, İran və Ermənistanın birgə qara məqsədləri üçün istifadə olunur. Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı qaldırdığı hay-küy Rusiyanı vadar edir ki, Ermənistanın bütün dörd dövlətlə olan sərhədlərini öz nəzarəti altına götürsün və onun təhlükəsizliyinə tam təminat versin, Qərb və İranın oyunlarına son qoysun. Başqa sözlə, N.Patruşev mesaj çatdırdı ki. RF ərazisi 29,4 min kv.km olan Ermənistana tam təhlükəsizlik təminatı verməyə hazırdır. Ermənistan 29,4 min kv.km-dən kənara, başqa sözlə Qarabağa tərəf baxmamalıdır. RF Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxarır. FTX sədri N.Patruşevin Ermənistana səfər edib prezident S.Sərkisyanla görüşməsi Ermənistanın Aİ istiqamətindəki siyasətinin dinamik dövrünə düşdü. S.Sərkisyan Avropa Xalq Partiyasının qurultayında iştirak və çıxış edib, Ermənistana qayıtdıqdan dərhal sonra Polşaya səfər etməyə hazırlaşarkən N.Patruşev Yerevanda onunla görüşdü. Son vaxtlar S.Sərkisyanın Avropa Xalq Partiyasının qurultaylarındakı çıxışında S.Sərkisyan Ermənistana qayıtdıqdan 1-2 gün sonra prezidentin mətbuat xidməti bu barədə məlumat yayırdı. İndi isə, yayılmadı. N.Patruşevlə görüşdükdən sonra Polşaya səfər edən Ermənistan prezidentinin Polşa prezidenti ilə birgə mətbuat konfransından Ermənistan mətbuatı yalnız antitürkiyə və antiazərbaycan fikirləri yaydı. Polşa mətbuatının yaydığı məlumatlar isə hər şeyin üstünü açdı. S.Sərkisyan avrointeqrasiyadan geri çəkilir. B.Komorovski S.Sərkisyanın həm Rusiya, həm də Aİ ilə əlaqələrin paralel inkişafının davam edəcəyi ilə bağlı fikrinə qətiyyətlə etiraz etdi. Həm AXP-dəki çıxışı, həm Polşa prezidenti ilə birlikdə keçirilmiş mətbuat konfransındakı məzmunun gizlədilməsi ötəri xarakterli hesab oluna bilməz. S.Sərkisyan AXP-də iştirakına xüsusi hazırlaşmışdı. Avrointeqrasiya sahəsindəki qələbə çələngini təkbaşına daşımaq niyyətilə AXP-nin Ermənistandakı digər iki üzvünün- müxalifətçi "İrs" və hakim koalisiyanın üzvü olan "Orinats Yerkir" partiyalarının AXP-nin qurultayına dəvətinə imkan verməmişdi. Şərq tərəfdaşlığı layihəsinin Polşanın təşəbbüsü olmasını da S.Sərkisyan çox gözəl bilirdi. Beləliklə N.Patruşevin Ermənistanın hüdudlarını müəyyənləşdirməsi hər şeyi alt-üst etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB