Əməkdaşlıq Şurasının üzvləri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Əməkdaşlıq Şurasının üzvləri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilir. SİA-nın xəbərinə görə, forum iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər. Daha sonra isə Şəhidlər Xiyabanı və Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Qeyd edək ki, Forumda dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə iştirak edir. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, mədəniyyət və digər yaradıcı qurumlarından nümayəndələr qonaq qismində iştirak edir. Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Bir gün davam edəcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə