Müsahibimiz millət vəkili Aydın Mirzəzadədir.
- Aydın müəllim, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı hərbi parada hazırlıq gedir. Sizcə, dünyanın əksər ölkələrinin keçirilməsi nəzərdə tutulan bu parada diqqət ayırması nə ilə izah olunur?
- 26 iyunda Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının 95 ili tamam olur. Bu il həm yubiley ili olduğundan, həm də Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini göstərmək üçün Prezident İlham Əliyevin göstərişi ilə Bakının mərkəzi "Azadlıq" meydanında möhtəşəm hərbi parad keçirilməsi nəzərdə tutulur. Hərbi parad dövlətçilik təcrübəsinin ən gözəl nümunələrindən biridir. Parad zamanı hər bir dövlət özünün silahlı qüvvələrinin texniki təchizatını və döyüş hazırlığını nümayiş etdirə bilir. Bu, Azərbaycan üçün öz dövlət gücünü göstərmək və torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə özünün döyüş qabiliyyətini göstərməkdən ibarətdir. Bu baxımdan, Azərbaycan dövlətinin hərbi parada hazırlığı ilə bağlı dünya dövlətləri tərəfindən böyük diqqət var.
- Ermənistan Azərbaycanın planlaşdırdığı hərbi paradı əzələ nümayişi kimi dəyərləndirməyə çalışır. Ermənistan niyə bu qədər narahatçılıq hissi keçirir?
- 26 iyun Silahlı Qüvvələr günü keçiriləcək hərbi paradda Azərbaycan öz gücünü nümayiş etdirəcək. Buna isə təbii yanaşmaq lazımdır. Çünki torpağının bir hissəsi işğalda olan dövlət özünün hərbi gücünü göstərməlidir. Ermənistan bilməlidir ki, torpaqlarımızdan qoşunu çəkilməyənə qədər hər zaman işğalçı ölkənin üzərində Azərbaycan silahlı qüvvələrinin əzəməti bütün gücü ilə görünəcəkdir. Bu gün Azərbaycan hərbi qüdrətini işğalçı ölkə olan Ermənistana göstərir. Əgər Ermənistan bundan narahatlıq hissi keçirirsə və bunu özü üçün problem sayırsa onda torpaqlardan öz qoşunlarını çəksin. Nə qədər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altındadır, Azərbaycan da Ermənistana özünün hərbi gücünü bütün səviyyələrdə göstərəcək və Ermənistanı özünün işğalçılıq siyasətindən çəkilməyə məcbur edəcək.
- Bu hərbi parada hansı yeni silahların və ümumilikdə region dövlətlərində nümayiş olunmayan müasir silahlar nümayiş oluna bilər?
- Verilən məlumatlara görə hərbi paradda ən müasir silahlar və texnika nümayiş etdiriləcək. İki il bundan əvvəl keçirilən hərbi paradda da nümayiş etdirilən texnika özünün əzəməti və həmin texnikaya yiyələnmək səviyyəsi ilə Azərbaycan ictimaiyyətinin diqqətini cəlb etmiş və hərbi parad haqqında dünya mətbuatında da çox saylı yazılar dərc edilib. 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq keçirilən hərbi parada yeni silahların olacağı ilə bağlı məlumatlar səsləndirilir. Bunun özü bir daha göstərir ki, Azərbaycan torpaqlarının işğalı ilə razılaşmaq fikrində deyil. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan bütün variantlardan o, cümlədən hərb variantdan istifadə etmək fikrindədir. Bu Azərbaycan üçün çox əhəmiyyətli bir məsələdir. Bir sözlə, 26 iyun Silahlı Qüvvələr günü ilə bağlı keçiriləcək hərbi paradda Azərbaycan ordusu gücünü bütün qüdrəti ilə nümayiş etdirəcək.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə