“İnkişafın başlanğıc nöqtəsi: Qurtuluş məfkurəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı”

Sədaqət Vəliyeva: Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və bu qayıdışın ölkəmizə gətirdiyi faydalar bu gün Azərbaycanın yaşadığı reallıqlarda özünün əksini tapır
“İnkişafın başlanğıc nöqtəsi: Qurtuluş məfkurəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı”

İyun ayının 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə "İnkişafın başlanğıc nöqtəsi: Qurtuluş məfkurəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı" adlı tədbir keçirib.

Tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və bu qayıdışın ölkəmizə gətirdiyi faydalar bu gün Azərbaycanın yaşadığı reallıqlarda özünün əksini tapır: "İndi biz məmnunluqla və qürur hissi ilə deyirik ki, Azərbaycan ən qüdrətli dövlətlərdən birinə çevrilir. Azərbaycan Cənubi Qafqaz dövlətlərinin istehsal etdiyi ümumi daxili məhsulun 80 faizindən artığına sahibidir. Azərbaycan iqtisadi inkişaf, dünya birliyində mövqelərinin möhkəmlənməsi baxımından, regionda və regiondan kənarda həyata keçirilən çox əhəmiyyətli beynəlxalq iqtisadi layihələrin reallaşmasında birmənalı şəkildə əhəmiyyətli rol oynayır. Bugünkü Azərbaycan qurtuluş məfkurəsindən başlayan proseslərin məntiqi nəticəsidir. İnsanların rifahının yüksəlməsi, həyat səviyyəsinin artması, Azərbaycan dövlətinin güclənməsi və digər amillər qurtuluşdan, Heydər Əliyevin hakimiyyətə qayıdışından başlayan yolun məntiqi davamıdır".

Milli Məclisin deputatı bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü bir tərəfdən Heydər Əliyevin əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyinin və siyasi kamilliyinin təntənəsidir: "Ona görə də, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Bu səbəbdən də, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıdışını əks etdirən Milli Qurtuluş bayramını təntənə ilə qeyd edir".

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən YAP Siyasi Şurasını üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması tariximizdə əlamətdar günlərdən biridir: "Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə inkişafa nail olunmuşdur. Sevindirici və qürur verici haldır ki, bu gün Ulu öndərimizin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Çıxış edən YAP Siyasi Şurasının üzvü, professor İradə Hüseynova bildirib ki, 20 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.

"Qurtuluşun övladlarıyıq" adlı məruzə ilə çıxış edən Aysel Qırxlarova deyib ki, biz Qurtuluş Günü ilə həmyaşıdıq və Qurtuluşun övladlarıyıq, biz bununla fəxr edirik və məsuliyyətini də qürurla daşıyırıq: "Bu dövlət, bu Vətən Ulu öndər Heydər Əliyev tərəfindən biz gənclərə əmanət qoyulub və onun müstəqilliyi, tərəqqisi naminə bütün intellektimizi, kreativliyimizi, potensialımızı sərf edəcəyik. Bu mənada, qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi, xalqın seçimi Prezident İlham Əliyevin qələbəsi naminə bütün bacarığımızı ortaya qoyacağıq".

Sonra partiyaya qəbul edilmiş digər gənclərə vəsiqələr və rayonun ictimai-siyasi həyatındakı aktivliyinə görə fərqlənənlərə Fəxri Fərmanlar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə