“Milli Qurtuluş gənclərin gözü ilə” DƏYİRMİ MASA

“Milli Qurtuluş gənclərin gözü ilə” DƏYİRMİ MASA

Bu gün "Yeni Azərbaycan" qəzeti "Milli Qurtuluş gənclərin gözü ilə" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, tariximizdə bu gün olmasaydı, müstəqil Azərbaycanın varlığı sual altında qalardı: "Qurtuluş günü Azərbaycan dövlətinin vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə transferi tarixidir. 1993-cü ildə də Azərbaycanda formal dövlət strukturları olsa da, onlar qeyri-funksional idilər. O dövrdə həyata keçirilən səriştəsiz siyasət nəticəsində vətəndaş müharibəsi başlandı. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dəvəti ilə hakimiyyətə gəldi və 1993-cü ilin iyun ayının 15-də Milli Məclisin sədri seçildi. Bu Azərbaycan tarixində ən yeni dönüş nöqtəsidir, müstəqil Azərbaycan tarixinin keyiyyətcə yeni mərhələsidir. Ümummilli Lider Heydər Əliyev ictimai fikrin rəssamı kimi sözlə mövcud ictimai-siyasi mənzərənin tablosunu çəkirdi. Ulu Öndərin səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinə çağırış idi. Azərbaycan dövlətinin ideoloji, siyasi, sosial, əsaslarını yaradırdı. Hakimiyyətə gələr-gəlməz Ulu Öndər Heydər Əliyev qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının ümumi sərvətidir. Bu fikrin alt məntiqində dayanan məzmun ondan ibarət idi ki, 1993-cü ilə qədər Azərbaycan xalqının müxtəlif sosio-mədəni, sosio-etnik, sosio-kulturoloji stratalara aid olan ayrı-ayrı fərdlər dövlətimizi özünün milli sərvəti kimi qəbul etmirdi. Bu da nəticə etibarı ilə Azərbaycanda separatçılığa gətirib çıxarırdı. Ulu Öndərin bu çağırışı Azərbaycan vətəndaşlarını ayıltdı. Cəmiyyət dərk etdi ki, bu çağırışın arxasında nə dayanır. Sonradan Ümummilli lider Heydər Əliyev 1993-cü ildən 1995-ci ilə qədər olan dövrü belə xarakterize edərkən vurğuladı ki, "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir". Bu zaman kəsiyi isə Azərbaycan tarixində çevrilişlər dövrü idi"

Daha sonra "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, 15 iyun Qurtuluş Günü xalqımızın tarixində dönüş nöqtəsi olub: "Müasir Azərbaycan tarixini Qurtuluş gününə qədər olan və ondan sonrakı dövr olmaqla iki hissəyə bölmək olar. 1991-ci ilin 18 oktyabrnda Azərbaycanın müstəqilliyi de-yure elan olunsa da, de-fakto müstəqil dövlət deyildi. Müstəqil dövləti xarakterize edən nüanslardan biri də dövlət quruculuğu prosesidir. 15 iyun Milli Qurtuluş Günü xalqımızın dövlət quruculuğu tarixində dönüş anıdır. Məhz həmin dövrdə Ümumimilli Lideri Heydər Əliyev hakimkiyyətə qayıtdı və müstəqil dövlətçiliyimiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. O dövrdə ölkədə Ulu Öndərə alternativ olacaq lider siyasətçi yox idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı xaosdan, qarşıdurmadan, vətəndaş müharibəsindən qurtardı. Ümummilli güc kimi Ulu Öndərin arxalandığı güc hər zaman Azərbaycan xalqı olub. Ona görə də Ümummilli lider hər zaman qalib olub".

Çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva o dövrkü xatirələrini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.

Dəyirmi masada iştirak edən gənclər çıxışları zamanı bildirdilər ki, Qurtuluş günü müstəqil Azərbaycan tarixinin ən önəmli günlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə