“Azadlıq radiosu”nun saxtakarlığının növbəti qurbanı ARAŞDIRMA

“Azadlıq radiosu”nun saxtakarlığının növbəti qurbanı ARAŞDIRMA

"Azadlıq radiosu"nun müxbiri Yafəz Əkrəmoğlunun (1993-cü ildə törətdiyi soyğunçuluq əməlinə görə məhkum olunub) müəllifliyi ilə 22 may 2013-cü ildə "İstanbulda qalmağa məhkum naxçıvanlı" başlıqlı sujet yayımlanıb.

(http://www.azadliq.org/media/video/24992787.html)

Həmin sujetin qəhrəmanı kimi göstərilən Şərur rayonunun Oğlanqala kənd sakini Seyidov Yasin Cavad oğlu haqqında danışarkən Yafəz Əkrəmoğlu bildirib ki, həmin şəxs sənədlərini itirib, keçən illər ərzində Türkiyədəki diplomatik nümayəndəliyimizə sənədlərinin bərpası üçün müraciət etsə də, müsbət cavab almayıb. Bu xəbərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün Səs İnformasiya Agentliyinin (SİA.az) bölgə müxbiri mayın 22-də Şərur rayonunun Oğlanqala kəndində olub. Təəccüblü olsa da müxbirimiz Oğlanqala kəndində olarkən orada Yasin Seyidovun özü ilə rastlaşıb. Məlum olub ki, Yasin Seyidov 11 gün əvvəl may ayının 11-dən Şərurdadır. Yasin Seyidov müxbirimizlə söhbətində bildirib ki, İstanbuldakı diplomatik nümayəndəliyimizə bu ilin aprel ayında müraciət edən kimi ona qayıtmaq üçün köməklik göstərilib və şəhadətnamə verilib. May ayının 21-də isə Yafəz Əkrəmoğlu öz Facebook səhifəsində həmin videosujeti paylaşarkən orada şərh yazaraq bildirib ki, guya İstanbuldakı konsulluğumuz onları aldadaraq köməklik etməyib. Yasin Seyidov isə bizimlə söhbətində dedi ki, Yafəz Əkrəmoğlu adlı şəxs İstanbulda olarkən onun yanına gələrək özünü Azərbaycan hökumətinin nümayəndəsi kimi təqdim edib, ona çoxlu vədlər verib, lakin ondan müsahibə götürdükdən sonra yoxa çıxıb.

Yasin Seyidov həmçinin onun haqqında "Azadlıq radiosu"nda mayın 22-də sujetin getdiyinə münasibət bildirərkən deyib ki, o həmin tarixdə Şərur rayon Polis Şöbəsindən şəxsiyyət vəsiqəsini almaqda idi. Haqqındakı sujetlə tanış olan Yasin Seyidov orada Yafəz Əkrəmoğlu tərəfindən səsləndirilən fikrin özünə məxsus olmadığını, Əkrəmoğlunun qurması olduğunu dedi.

Sujetdən də məlum olur ki, Yasin Seyidovun özü İstanbuldakı diplomatik nümayəndəliyimizlə bağlı hər hansı bir fikir bildirmir. Onun adından Yafəz Əkrəmoğlu konsulluğumuzu ittiham edir.

"Azadlıq radiosu"nun Bakı bürosunun reketçiliklə məşğul olmasına və saxtakarlıqlarına onun müdafiəsində duran məlum mərkəzlərin haqq qazandırması keçən günlərdə açıq aydın hamıya məlum oldu. Azərbaycan Respublikasına qarşı Yafəz Əkrəmoğlu kimi keçmişi kriminallarla dolu olan və jurnalistika ilə heç bir əlaqəsi olmayan bir şəxsin əli ilə QARA PİAR aparılmasını alqışlayan həmin mərkəzlərin bu faktlar qarşısında hansı "möcüzəvi" bəyanatlarla çıxış edəcəklərini təsəvvür etmək heç də çətin deyil. Bu faktlara Mətbuat Şurasının reaksiya verəcəyini hamıdan çox naxçıvanlılar gözləməkdədirlər. Çünki "Azadlıq radiosu"nu xüsusilə inkişaf və tərəqqidə olan Naxçıvanı hədəf götürməsi oradakı vətəndaşlarımızın diqqətindən qaçmayıb.

Şəkillərdən göründüyü kimi, Yasin Seyidov 11 may 2013-cü il tarixdən Şərur rayonunda olduğu halda 21 may 2013-cü il tarixdə Yafəz Əkrəmoğlu ictimaiyyətə bilərəkdən yalan informasiya verərək Türkiyədəki diplomatik nümayəndəliyimizə böhtan atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə