"Heç kəs gəncləri özünün eloktratı hesab etməsin"

"Heç kəs gəncləri özünün eloktratı hesab etməsin"

"Siyasi müxaliflər düşünür ki, hər üç aydan bir istehsal etdikləri siyasi mərkəzlərə fərqli ad qoyamaqla yeni imkanlar əldə edəcəklər. Nəticədə isə onların cəmiyyətə çıxış resursları artacaq və sosial qüvvələrin bu təşkilatların ətrafında təmərküzləşməsi dərinləşəcək. Yəni həqiqətənmi, müxalifətin siyasi texnoloji beyin mərkəzləri belə düşünür?!". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc müxalifət düşərgəsinin səsləndirdiyi "Hakimiyyət Milli Şuranı xalqın gözündən salmaq tapşırığı verib" fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Milli Şuranın yaradılması hakimiyyəti seçki dövründə xüsusilə narahat etməyəcək: "Məlumdur ki, Bakı Şərab Zavodu beynəlxalq keyfiyyət nişanını və ticarət praktikasını mənimsədikdən sonra 2 aydan bir məhsulun üz qabığını dəyişir. Lakin istehsal olunan məhsulların çeşidi və keyfiyyəti dəyişmir. Müxalif qüvvələr də eynilə belə bir hərəkət edirlər. Ona görə də Milli Şuranın yaradılması heç nəyi dəyişməyəcək. Şuraya daxil olanların əksəriyyətinin arasında ziddiyyətlər mövcuddur. İsa Qəmbərin Eldar Namazovla alyansını heç cür təsəvvür etmək mümkün olmadığından biz əminik ki, bütün siyasi qovğalar Şura içərisində olacaq. Bu mənada hakimiyyət Milli Şuranın yaradılmasında maraqlıdır".

Millət vəkili müxalif qüvvələrin gəncləri aksiyalara səsləməsi məsələsinə də münasibət bildirib: "Fəal əhalinin böyük bir hissəsini təşkil edən gənc nəslin əksəriyyəti Azərbaycan prezidentinin siyasətini müdafiə edir və bununla da onlar öz mövqelərini sərgiləyirlər. Təbii ki, bir qisim narazı təbəqə də var ki, onlar müxtəlif mediya orqanlarında, sosial şəbəkələrdə qərarlaşıblar və bu da çox normaldır. Lakin heç kəs gəncləri özünün eloktratı hesab etməsin. Çünki biz birmənalı şəkildə onun şahidiyik ki, müxalif "liderlərin" daşıdığı keyfiyyətlər bu gəncliyin baxışlar sistemilə heç cür uzlaşmır. Ona görə də, hazırki gəncliyin üzərində siyasi planlar qurmaq və hakimiyyət iddialarını məhz onlara söykənərək aparmaq qeyri-realdır".

Bütün xəbərlər Facebook səhifəmizdə