Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Bakının Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib. SİA-nın məlumatına görə, kampaniyada YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Sədr müavini Bahar Muradova və digər qonaqlar iştirak edib.
YAP-ın Sədr müavini Əli Əhmədov çıxış edərək deyib ki, Ulu Öndər Heydər Əliyev də yaşıllıqları, ağacları çox sevib: "Dahi şəxsiyyət Bakıda şəhərində yaşıllıq zolaqlarının salınmasına xüsusi önəm verərdi. Biz də bu məqsədlə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirdiyimiz silsilə tədbirlərin siyahısına ağacəkmə kampaniyasını da daxil etmək qərarına gəldik. Bu gün Bakının Nərimanov rayonunda böyük yaşıllıq zolağı salınmaqdadır. Biz bundan əvvəl də burada ağaclar əkmişik. Hesab edirəm ki, bu YAP-ın fəallarının, Bakı şəhərinin yaşıllıq zonalarının artırılmasına bir töhvəsidir. Bir neçə ildən sonra bu ağaclar böyüyərək ekologiyanın təmizliyinə öz töhvəsini verəcək".
Milli Məclisin Sədr müavini Bahar Muradova isə bildirib ki, bu kimi tədbirlərin təşkili yüksək qiymətləndirilməlidir: "Ağac əkmək, ətrafın gözəlləşməsində, abadlaşmasında iştirak etmək YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu, hər kəsə bir çağırış və mesajdır. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Nəzərə əlsaq ki, bu tədbir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub, elə burada əkilən ağaclar dahi şəxsiyyətin ideyalarının bundan sonra da daha yaxşı göyərməsi, qol-budaq atmasının rəmzi mənası kimi qəbul edilə bilər".
Qeyd edək ki, kampaniyada xeyli sayda ağac əkilib və sulanıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB