Oqtay Əsədovdan sərt mesaj!

Milli Məclisin bugünkü plenar iclasında spiker Oqtay Əsədov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın parlamentə Heydər Əliyevin 90 illiyi ilə əlaqədar amnistiya aktının qəbul edilməsinə dair müraciət etdiyini bildirib. SİA-nın məlumatına görə, o, bu məsələnin mayın 7-də Milli Məclisdə müzakirəyə çıxarılacağını söyləyib.

Onun sözlərinə görə, BMT, Avropa Şurası və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi, erməni işğalçılarının torpaqlarımızdan çıxması ilə bağlı qətnamələr var: "Ancaq Avropa Parlamentinin bəzi deputatlarının davranışı suallar doğurur. Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma Dağlıq Qarabağ Respublikasının parlamentində çıxışında deyib ki, sizin xidmətçilərinizik. O, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnun hər bir şeydən üstün saydığını söyləyib. Digər tərəfdən, fransız deputat Vaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağa səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Mən hesab edirəm ki, bu məsələyə bütün vətənpərvər qüvvələr münasibət bildirməlidir".

Spiker onu da xatırladıb ki, Kaliforniya ştatının 6 deputatı Azərbaycanda olub, onlar bütün tədbirlərdə Azərbaycanın haqqını təmsil edəcəklərini deyiblər: "Kaliforniyada həmin deputatlar, komitə sədri çıxış etdi. Bir neçə gün sonra həmin komitə sədri mənə yazdı ki, üzr istəyirəm, mənim elektron poçtuma çoxlu sayda hücumlar olur, sizi daha müdafiə edə bilməyəcəyəm. Ancaq bizdə vəziyyət necədir? Mən artıq Avropa Parlamentinin sədri Şultsa məktub yazıram. Bizim bəzi saytlarımız erməni konyakından içib beyni dumanlananlardan niyə yazmır?..."

Bütün xəbərlər Facebook səhifəmizdə