Cənub bölgəsindən olan gənclər Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüşüblər. SİA-nın verdiyi xəbərə görə, görüşdə çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumat verib: "Biz müstəqil Azərbaycan dövləti qurmuşuq. Bu dövlətin banisi Ümumilli liderimiz Heydər Əliyev olub. Ulu öndər bu dövləti böyük çətinliklərlə qurub. Bu gün isə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan istər iqtisadi-siyasi, istərsə də sosial problemlərin həlli baxımından dünyanın bir çox ölkələrindən qat-qat yüksəkdə dayanır. Bu inkişafı gözü götürməyən qüvvələr çoxdur. Məhz buna görə də, siz gənclər siyasi baxımdan hazırlıqlı olmalısınız. Çünki ölkəmizə qarşı təzyiqlər və təxribatlar getdikcə artmaqdadır. Bütün bunların qarşısını almaq üçün Ulu öndər Heydər Əliyev irsini öyrənə-öyrənə gələcək inkişaf strategiyamızı müəyyənləşdirməliyik. Ümummilli liderimiz gənclərə olan qayğısı və xüsusi diqqətilə hər zaman seçilib. Məhz Ulu öndər Bakıya qayıtdıqdan sonra Ali sovetdə ilk dəfə gəncləri topladı və onlara öz tövsiyələrini verdi. Mən də həmin görüşdə iştirak edirdim. Bu gün gənclərə qayğı və diqqət ümummilli liderin layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün artıq 5000 nəfər gənc dövlət hesabına dünyanın müxtəlif ölkələrində, ən tanınmış universitetlərində təhsil alır. Azərbaycan hökuməti gənclərin ev-məişət problemlərinin həlli, güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi istiqamətində işlər aparır. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılıb. Artıq yaxın vaxtlarda şərtlərin sadələşdirilməsi ilə bağlı layihə hazırlanacaq, bununla da gənclərin öz əmək haqqları səviyyəsində ipoteka krediti almaq məsələsi həll olunacaq. Azərbaycan gəncləri bu gün ölkədə gedən bütün ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Məlumdur ki, qarşıdan prezident seçkiləri gəlir və hər birimizi seçkilər ərəfəsində xüsusi bir məsuliyyət gözləyir. Mən inanıram ki, gənclərimiz bu məsuliyyətin öhdəsindən uğurla gələcəklər".
Daha sonra görüş səmimi diskussiya formasında qarşılıqlı fikir mübadiləsi şəklində davam etdi. Gənclər öz təkliflərini, problemlərini YAP icra katibinin müavini Siyavuş Novruzova çatdırdılar. Öz növbəsində YAP icra katibinin müavini gənclərin problemləri və təklifləri ilə yaxından maraqlandı. Onların həyata keçməsi üçün səy göstərəcəyini vurğuladı. Gənclərə ölkənin ictimai-siyasi həyatında fəal olmağı tövsiyyə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB