“Tərcüman” qəzetinin 130 illik yubileyi qeyd olundu

“Tərcüman” qəzetinin 130 illik yubileyi qeyd olundu

Azərbaycan Mətbuat Şurasında (MŞ) "Tərcüman" qəzetinin 130 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə milli mətbu irsimizin araşdırılmasında böyük xidmətləri olan professor Şirməmməd Hüseynov, MŞ-nın sədri Əflatun Amaşov, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MŞ-sədri Əflatun Amaşov bildirdi ki, şura Azərbaycan mətbuatı tarixində önəmi olan nəşrlərin yubileyini daimi olaraq qeyd edir: "Azərbaycan ictimai-siyasi fikrinin formalaşmasında "Tərcüman" qəzetinin mühüm rolu olub. XIX əsrin sonlarından başlayaraq XX əsrin əvvələrinədək Azərbaycan ziyalılarının yazıları "Tərcüman" qəzetində dərc olunurdu". Ümumiyyətlə, İmayıl bəy Qaspıralının xatirəsi əzizdir. Mətbuat Şurası bu cür tədbirlərin keçirilməsinə davam edəcək".

Professor Şirməmməd Hüseynov isə "Tərcüman" qəzetinin keçdiyi tarixi yola nəzər salaraq onun Azərbaycan mətbuatındakı yerindən danışıb.

Qeyd edək ki, "Tərcüman" qəzetinin ilk nömrəsi 1883-cü ildə işıq üzü görüb. Görkəmli mütəfəkkir İsmayıl bəy Qaspıralının naşiri olduğu mətbu nəşr geniş, çoxşaxəli maarifçilik ideyaları ilə həm Rusiya müsəlmanlarına, həm də ümumilikdə, türk dünyasına xidmət göstərmişdir. Azərbaycanın ictimai fikir tarixində əhəmiyyətli yer tutan "Tərcüman" xalqımızın milli özünüdərk prosesində də müstəsna rol oynamışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə