İranlı deputatların bəyanatı əlaqələrimizin ziddinədir

Aydın Mirzəzadə: "Düzdür, bunlar İranın rəsmi mövqeyi sayıla bilməz, amma..."
İranlı deputatların bəyanatı əlaqələrimizin ziddinədir

İran parlamenti deputatının Azərabyacanla bağlı bəyanatının tonu ikitərəfli münasibətlərə zərbə vurur. SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdinin Azərbaycanın müstəqilliyini təhdid etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, vaxtaşırı İranın müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı bütün diplomatik normaları kobud surətdə pozan bəyanatlarına rast gəlirik: "Və çox təəssüf edirəm ki, bu bəyanatlarla İran parlamentinin üzvləri də çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətsizlik, tarixi saxtalaşdırmaq, Azərbaycanın daxili və xarici siyasətinə dair yersiz məsləhətlər vermək onların leksikonunda artıq bir qaydaya çevrilmişdir. Düzdür, bunlar İranın rəsmi mövqeyi sayıla bilməz və İran tərəfi bunun kimlərinsə şəxsi mövqeyi olduğunu bildirir, ancaq bununla belə səlahiyyət daşıyan şəxs dediyi fikirlərin də rəsmiyyətini dərk etməlidir. İran parlamentinin adı çəkilən şəxsin Azərbaycanla bağlı son dövrdə səsləndirdiyi fikirlər Azərbaycan parlamentində çox böyük narazılıqla və etirazla qarşılanır".

A.Mirzəzadə bildirib ki, iranlı deputatların ziyalıya yaraşmayan tonda ifadələr işlətməsi, Azərbaycanla bağlı heç cür ölçüyə gəlməyən fikirlər bildirməsi yolverilməz və həmçinin ikitərəfli münasibətlərə xələl gətirən məsələlərdir: "İran parlamentinin üzvləri Azərbaycanın müstəqil dövlət olduğunu, özünün daxili və xarici siyasətini müstəqil həyata keçirməsini qəbul etməlidirlər. Bu, onların vəzifə səlahiyyətləridir. Bu, onların İranı təmsil etmək kimi bir borcudur. Bu baxımdan Azərbaycan bu cür bəyanatları həmişə etirazla qarşılayacaq və buna öz kəskin rəyini bildirəcək".

Millət vəkili vurğulayıb ki, nədənsə Azərbaycanın tarixini saxtalaşdırmağa, onun bugünkü reallığına qara eynəkdən baxmaq istəyənlər bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanla dostluq fikirlərini səxavətlə bölüşürlər və heç də Ermənistanı işğalçılıq siyasətindən geri çəkilməyə çağırmaq niyyətində deyillər: "Ermənistana məhəbbət fikirləri ilə isə onlar Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiv siyasətinə dolayı yolla siyası dəstək vermiş olurlar. Bu şəxslərin içərisində parlamentdə status tutan şəxslərin olması çox böyük təəccüb doğurur. Hesab edirəm ki, onlar öz şəxsi fikirlərini tutduqları vəzifələrinə görə səlahiyyət müddətində heç olmasa gizlətməyi bacarmalıdırlar. Mən bu baxımdan ara-sıra İran parlamentinin üzvlərinin Azərbaycan parlamentinə qarşı hörmətsizliyini qəti pisləyirəm, belə məsələlərə son qoyulmasını istəyirəm. Azərbaycana səfər edən İran parlamentinin üzvləri ilə görüşürəm və onu da qeyd etməliyəm ki, onlar Azərbaycana hörmətlə yanaşdıqlarını və ölkəmizlə dostluq münasibətlərini genişləndirmək istədiklərini bildirirlər. Və onlar da söhbətlərdə bu cür fikirlərin İran parlamentinin və İran cəmiyyətinin ümumi fikri olmadığını söyləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə