Müxalifət təxribat törədə bilər

Aydın Hüseynov: “İsa Qəmbər kimiləri seçkidə bundan başqa yol görmürlər”
Müxalifət təxribat törədə bilər

Radikal müxalifətin sivil mübarizə üsullarından istifadə etmək səviyyəsində olmadığı barədə dəfələrlə bildirilib və bu barədə çoxlu faktları indiyə qədər cəmiyyət əyani olaraq müşahidə edib. Bu seçki ərəfəsində də müxalifətin ənənəvi və radikal kəsimini təmsil edən partiya sədrləri oxşar ampluadadır. Belə ki, onlar siyasi arenada heç bire çəkiyə və cəmiyyətdə heç bir nüfuza malik olmadıqlarını açıq görürlər. Ona görə də indidən cığallıq etmək fikrinə düşüblər.

Belə ki, Müsavat başqanı İsa Qəmbər çıxışlarının birində ictimai-siyasi proseslərlə bağlı belə bir ifadə işlədib ki, "qorxuram ki, bu proseslərdə qan tökülə". Əslində bir sıra məqamlara diqqət yetirsək, bu, olduqca şübhəli açıqlamadır. Görəsən, nəyə görə İsa Qəmbər belə bir fikir işlədir? Bütün cəmiyyət bilir ki, bu gün ölkədə sabitlik və asayiş var. Ölkə 20 il əvvəlki xaotik cəbhə hakimiyyətinin zamanından 180 dərəcə fərqlənir. Elə isə Qəmbər niyə bu ifadəni dilinə gətirib?

Burada ağlabatan versiya odur ki, müxalifət bu seçkidə də gücsüzlüyünü yaxşı bilir. Onlar sivil qaydalarla seçki prosesinə qoşulacağı halda, cüzi faizlə seçkidən məğlub ayrılacaqlarını gözlərinin önünə alıblar. Buna görə də onlara bütün qaydalara uyğun bir şəkildə, doğru-düzgün bir şəkildə seçki yarışı sərf etmir. Ona görə də özləri bu məsələ ilə bağlı təxribat törətmək istəyirlər. Özləri nəsə asayişi pozmaq planları üzərində fikirləşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu, müxalifətin radikal kəsimindən hər an gözlənilə bilər. Çünki dəfələrlə sübut ediblər ki, adları əməllərinə tam uyğun gəlir və onlar bütünlüklə radikal xarakterlidirlər. Həmçinin onların bu barədə keçmiş seçkilərdə olduğu kimi, təcrübələri var. Buna görə də həmin radikal və təxribatçı təcrübələrindən yenə da yararlanbmaq niyyətləri ola bilər. Bilirlər ki, hər şey dinc müstəvidə baş verəcəksə, müxalifətin seçkidə qalib gəlmə şansı sıfra bərabərdir. Buna görə də onlar qarışıqlıq və qarşıdurmalarla nəticə əldə etmək, faydalanmaq istəyirlər. Bütün bunlar isə cəmiyyət üçün təhlükə daşıyır. Ona görə də ictimaiyyət indidən bilməlidir ki, bunların mahiyyəti və xarakteri, seçkidə davranışları nələrə hesablana bilər.

Bu barədə bizə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd etdi ki, ümumiyyətlə, İsa Qəmbər 1992-ci ildə də vəzifəyə və hakimiyyətə qan-qada ilə gəlib: "O, Ali Sovetə elə qan üzərində gəlmişdi. Artıq bunlar hakimiyyətdə olmağın başqa yollarını görmürlər. 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının qərargahında sözün əsl mənasında bir terrorçu qrup formalaşmışdı və silahlanmışdı. İsa Qəmbər kimi radikallar bu yoldan başqa sivil hakimiyyət uğrunda mübarizə tanımır. Ona görə də indidən ağızlarına bu cür fikir gətirirlər. Ancaq İsa Qəmbər kimiləri bilməlidirlər ki, Azərbaycan xalqı və cəmiyyəti öz gələcəyini artıq müəyyənləşdirib. Xalq bu dəfə də öz milli liderinin ətrafında sıx birləşib. Xalqımız radikalların hər hansı bir təxribatına layiqli cavab verməyə hazırdır. Bu dəfə də müxalifətin hər hansı təxribatı alınmayacaq və onlar üçün nəticəsiz qalacaq. Azərbaycan cəmiyyəti, vətəndaşları bu cür qanlı-qadalı yolları yox, yüz illərə hesablanmış sabit, sürətli və dönməz inkişafı seçəcək. Xalqımız məhz bu yolu bəyənir. Çünki ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hazırkı inkişaf strategiyası, müstəqil inkişafa əsaslanan siyasət hər bir vətəndaşın rifah işində yaşamasını və gələcək uğurlarının davamlı olmasını təmin edir".

A.Hüseynov qeyd etdi ki, Azərbaycan xalqı əslində radikal müxalifətin dabbaqda gönünə bələddir: "İsa Qəmbər isə bu cür fikir işlətməklə əslində özünün niyyətini faş etmiş olur. Onlar hakimiyyətə gəlmə şanslarının sıfır olduğunu bilirlər".

A.Hüseynov əmindir ki, radikal müxalifət bu seçkidə hər hansı təxribatlar törətmək istəsə, onların qarşısı alınacaq. O, cəmiyyətin bu cür təxribatlara qarşı ayıq olmasını da vacib sayır.

İlkin AĞAYEV

Bütün xəbərlər Facebook səhifəmizdə