YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri genişlənir

Almaniyanın Konrad Adenauer Fondu YAP Gənclər Birliyinin fəallarına təlim keçəcək. SİA-nın verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin genişlənən beynəlxalq əlaqələri Almaniyanın Konrad Adenauer Fondu ilə əməkdaşlıqla davam edir. Fondun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup fəalı ilə "Strateji kommunikasiyalar" mövzusunda təlim təşkil edilib.

Tədbirdə çıxış edən YAP GB-nin sədri Seymur Orucov YAP gənclərinin Almaniyanın Konrad Adenauer Fondu ilə uğurlu əməkdaşlığından danışıb. Bildirib ki, XXI əsr informasiya texnologiyaları əsridir: "Azərbaycan gəncləri sosial şəbəkələrdə ictimai-siyasi, sosial məsələlərin həllində fəal şəkildə istifadə edirlər. Bu il Azərbaycanda seçki ilidir. Azərbaycan gəncləri olaraq seçki prosesinin təbliğində sosial şəbəkələrdən fəal şəkildə istifadə edirik".

Daha sonra Fondun almaniyalı təlimçi-eksperti Juri Schnöller ingilis dilində təşkil edilən təlim keçirib. O, təlimi "Yeni mediya əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Effektiv ünsiyyət üçün əsas amil kimi ismarıc hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları" və "Uğurlu mediya strategiyasına yeddi addım" adlı mövzular istiqamətində aparıb.

Daha sonra təlim gənclərimizlə qarşılıqlı iş prosesi əsasında aparılıb.

Qeyd edək ki, proqramın davamı olaraq mart ayının 29-da təlim iştirakçıları "31 Mart Soyqırım" qurbanlarını yad etmək məqsədi ilə "Quba məzarlığına" ziyarətə yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə