Rasim Musabəyov: “Biz narahatçılığımızı Türkiyəyə bildirməliyik” MÜNASİBƏT

"Bu addımın atılması nə Ermənistanın, nə də ki Türkiyənin iqtisadi inkişafına heç bir təsiri olmayacaq. Bu məsələ daha çox təbliğat xarakteri daşıyır". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Türkiyədə Van-İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, burada ermənilərin əsas istəkləri ondan ibarətdir ki, bu layihənin gerçəkləşdirilməsi ilə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salınsın: "Amma hesab edirəm ki, nə Azərbaycan, nə də ki Türkiyə rəhbərliyi ermənilər üçün bu şansı yaratmayacaq. Əgər nəzərə alsaq ki ermənilərin böyük qismi Gürcüstan vasitəsilə avtobus və avtomobillərlə Türkiyəyə səfər edirlər, onda bu addımın atılması başa düşülən idi. Ümumilikdə il boyu 100 mindən çox erməni qardaş öllkəyə gedir. Bu reyslə isə ildə üç min nəfər erməni Türkiyəyə getsin, ya getməsin. Bu baxımdan bu layihənin elə də böyük bir əhəmiyyəti yoxdur. Ancaq onu da nəzərə almaq lazımdır ki,Türkiyədə, Ermənistanda və Qərbdə elə dairələr vardır ki, bu layihəni sərhədlərin açılması üçün başlanğıc kimi qiymətləndirirlər. Təbii ki, biz bunu başa düşərək bu məsələləri diqqətdən kənarda saxlamamalıyıq və Türkiyəyə öz narahatçılığımızı bildirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə