Aydın Mirzəzadə: “Türkiyə dövləti bu məsələdə seyirçi mövqedə dayanmamalıdır” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Türkiyə dövləti bu məsələdə seyirçi mövqedə dayanmamalıdır” MÜNASİBƏT

Türkiyədə Van-İrəvan aviareysinin açılması ilə bağlı gündəmə gələn məsələ müəyyən ermənipərəst qüvvələrin yeni bir oyununa hesablanıb. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Parlament üzvünün sözlərinə görə, bu məsələ vaxtaşırı Ermənistanla Türkiyə arasında diplomatik əlaqələri bərpa etmək, eləcə də sərhədi açmaq üçün müxtəlif cəhdlərdir: "Təbii ki, bu qüvvələr böyük deyil və onların sosial bazası yoxdur. Məhz bunun nəticəsidir ki, onların cəmiyyətdə çox az sayda tərəfdarları vardır. Türkiyədə Van-İrəvan aviareysinin açılması ilə bağlı gündəmə gələn məsələ də sırf təbliğatın nəticəsidir, nəinki tələbatdan irəli gəlir. Təbii ki, Ermənistandan Türkiyəyə gəlmək istəyənlər və bu dövlətin imkanlarından yararlanmaq istəyənlər olacaq. Burada ən təəccüblü məqam Türkiyənin bu məsələyə münasibətidir. Dəfələrlə bizə dost, qardaş ölkə olan rəsmi Türkiyənin nümayəndələri bunun özəl təşəbbüs olduğunu və dövlətin bu məsələyə aid olmadığını bildiriblər. Amma burada bir məsələ də vardır ki, diplomatik münasibətlər olmayan, Türkiyənin ərazi bütövlüyünü şübhə altına alan ölkə ilə hansı iqtisadi əlaqələrdən söhbət açıla bilər? Hətta bütün bunlara dövlət göz yuma bilməz. Biz çox istərdik ki, Türkiyə dövləti bu məsələdə seyirçi mövqedə dayanmasın və məsələyə çox ciddi reaksiya versin. Rəsmi Ankara bu məsələyə razılıq vermədikdən sonra burada hər hansı səfərdən söhbət belə gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə