Azərbaycan Mətbuat Şurası 10 yaşını qeyd etdi

Azərbaycan Mətbuat Şurası 10 yaşını qeyd edib. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq yubiley tədbiri keçirilib.Tədbir Mətbuat Şurasının 10 il illik fəaliyyətindən bəhs edən "Zamanla üz-üzə" filminin nümayişi ilə başlayıb.

Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun simasında Azərbaycan dövlətinin mediaya qayğısı bundan sonra da davam edəcək: "Bu il Azərbaycan media işçiləri üçün inşa olunmuş ilk mənzillər ehtiyacı olan və ən çox xidməti, haqqı olan jurnalistlərə paylanacaq və əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək. Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn media siyasətinin təməlində azad söz, siyasi plüralizm dayanıb. Hal-hazırda Azərbaycan mediasının inkişafında 3 əsas meyl müşahidə olunur ki, bunları da məhz Mətbuat Şurası həyata keçirir. Onlardan biri 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad söz, media mühitinin inkişaf etdirilməsidir. Mətbuat Şurasının həyata keçirdiyi əsas fəaliyyətlərdən biri məhz azad media mühiti dairəsinin getdikcə genişləndirilməsi, jurnalistlərin yaradıcı fəaliyyət mühitinin daha plüralistləşməsi olub. Mətbuat Şurasının həyata keçirdiyi ikinci əsas fəaliyyət jurnalist peşəkarlığının, jurnalistlərin məsuliyyətinin artırılması, jurnalist davranış normaları ilə Azərbaycan cəmiyyətinin mətbuata, azad sözə olan ehtiyacının uyğunlaşdırılması olub. Mətbuat Şurası yaradıldığı 10 il müddətində bir gün belə öz fəaliyyətini dayandırmayıb. Medianın digər qabaqcıl nümayəndələrindən istifadə edən Azərbaycan media orqanlarının baş redaktorları, rəhbərləri və mediamızın veteranlarından istifadə edərək bu fəaliyyəti həyata keçiriblər. Üçüncü mühüm fəaliyyət jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, jurnalist nüfuzunun Azərbaycan cəmiyyətində bərpa olunması, qorunması və inkişaf etdirilməsi, jurnalistlərin adına xələl gətirən qeyri-qanuni, neqativ hallardan xilas olunması sahəsində fəaliyyətdir. Bəzən Mətbuat Şurasının fəaliyyətini tənqid edirlər ki, nəyə görə mediada monitorinqlər aparır? Nəyə görə Azərbaycan mediasında neqativ halları qabardıb, komissiyalarda təhlil edir, bəzi mətbuat orqanlarını reket adlandırır? İnanın, bu fəaliyyət Mətbuat Şurasının 10 ildə həyata keçirdiyi ən səmərəli, uğurlu fəaliyyətlərdən biridir. Azərbaycan jurnalistinin nüfuzu, saf adı qorunmasa, jurnalistlərin adını ləkələyən kənar təsirlərdən Azərbaycan mətbuatı təmizlənməsə, ölkə mediasının inkişafını görə bilmərik".

Daha sonra çıxış edən professor Şirməmməd Hüseynov Azərbaycan mətbuatının keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, "Əkinçi"dən başlayaraq davam edən ənənə bu gün də uğurla davam etdirilir.

Çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Mətbuat Şurası artıq 10 ildir ki, fəaliyyətini uğurla davam etdirir. O, Mətbuat Şurasının yüksək standartlara cavab verən ofislə təmin olunuğunu qeyd edərək, Şuraya indiyədək göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib. Daha sonra sədr Mətbuat Şurasının fəaliyyətindən danışaraq, xalq arasında qazanılan etibara toxunub: "Mətbuat Şurası fəaliyyət göstərdiyi illər ərzində minlərlə şikayətə baxıb. Vətəndaşlarımız hüquq-mühafizə orqanlarına deyil, Mətbuat Şurasına müraciət ediblər. Həmin şikayətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. Bizim hər bir iradımız və töhfəmiz mətbuat tərəfindən hörmətlə qarşılanır. Biz indiyədək Mətbuat Şurasının fəaliyyətinə dəstək verən mətbuat orqanlarına öz təşəkkürümüzü bildiririk".

Tədbirdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikir və təbriklərini tədbir iştirakçılarına çatdırıblar.

Yubiley tədbirinin rəsmi hissəsi bitdikdən sonra ziyafət təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə