“Ulu öndər Müstəqil Azərbaycan dövlətinin simvoludur və əbədi olaraq yaşayacaq” FOTO

YAP Nizami rayon təşkilatında bu mövzuda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında "Ulu öndər Müstəqil Azərbaycan dövlətinin simvoludur və əbədi olaraq yaşayacaq" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Siyasi şurasının üzvü, ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev və hakim partiyanın aktiv gəncləri iştirak edib.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrində böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi son on ili xarakterizə edən mühüm amillərdir: "Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Biz bu gün Ulu Öndər Heydər Əliyevi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın Ümummilli lideri, Ulu öndərimiz, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycan dövlətinin memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi lider idi. Dahi öndər Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra YAP Siyasi şurasının üzvü, ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev bildirib ki, müəllimlik həyatda yaşamağın bir nömrəli sirridir: "Dahi şəxsiyyət Heydər Əliyev siyasi dünyagörüşü, məfkurəsi ilə zirvədə duran şəxsiyyətdir. Ulu öndər 1969-cu ildə Azərbaycanın rəhbəri seçildiyi zaman ölkəmiz SSRİ-nin tərkibində ən geridə qalmış respublikalardan biri idi. Sadəcə olaraq Azərbaycan mərkəz üçün xammal bazası idi. Azərbaycanın həmin dövrdə elmi və sənaye potensialı demək olar ki, yox idi. 1969-cu ilin avqust ayında keçirilən plenum bütün Sovet İttifaqına, dünyaya səs saldı. Ümummilli lider bütün SSRİ-yə göstərdi ki, əvvəlki qaydada yaşamaq və işləmək mümkün deyil. Həmin dövrdən etibarən Azərbaycanda aqrar sahə inkişaf etmiş, üzümçülükdə, pambıqçılıqda nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın ali təhsil ocaqlarının sayının çoxalması, eləcə də, maddi-texniki bazasının güclənməsi, minlərlə gəncin SSRİ-nin qabaqcıl təhsil ocaqlarına göndərilməsi müstəqil Azərbaycanın inkişafı üçün sovet dönəmində qoyulan bir təməl idi".

V.Əliyev deyib ki, Azərbaycan müstəqilliyini rəsmi olaraq 1991-ci ildə elan etsə də, ölkədə quruculuq, abadlıq işlərinin aparılması, siyasi sabitliyin təminatı, insanların sosial vəziyyətinin yüksəlməsi dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra başlamışdır: "Heydər Əliyev ölkədə hökm sürən hərc-mərcliyin, vətəndaş müharibəsinin, dövlətin parçalanmasının qarşısını almış, Azərbaycanı iqtisadi inkişaf yoluna çıxarmışdır. Bu gün Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olması Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətidir".

Daha sonra hakim partiyanın aktiv gənclərini maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə