ASAIF-in sədri: “Aksiya 4 saat davam edəcək”

ASAIF-in sədri: “Aksiya 4 saat davam edəcək”

"Biz 23 fevralda Xocalı soyqırımı ilə əlaqədar Böyük Britaniyanın Trafalqar meydanından parlamentə qədər yürüş edəcəyik". Bunu SİA-ya Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sədri Ramin Həkimov deyib.

Forum sədrinin sözlərinə görə, aksiya 4 saat müddətində davam edəcək: "Biz Vestminster sarayının qarşısında şüarlarımızı səsləndirəcəyik. Bu, indiyə qədər Xocalı faciəsinə həsr olunan tədbirlər arasında İstanbuldan sonra ikinci böyük aksiya olacaq. Həmçinin bu keyfiyyət və kəmiyyətlə yanaşı, həm də Azərbaycanın xarici dostlarının iştirakı baxımından ən böyük aksiya ola bilər. Bundan əlavə Londonda müxtəlif universitetlərdə ASAIF-in təşkilatçılığı, səfirliyin dəstəyi ilə bir sıra aksiya və konfranslar keçiriləcək. Britaniyadakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə "Suasso", "Queen Mary", "Royal Holloway", "Aberdeen" universitetlərində konfranslar keçiriləcək. "Xoca" filminin təqdimatı, çıxışlar olacaq. Bundan əlavə ASAIF-in fəal üzvləri Kanada, Belçika, Brüssel, Türkiyədə aksiyalar, dəyirmi masalar keçirəcək, bukletlər paylayacaqlar".

Qeyd edək ki, ASAIF Xocalı soyqırımının anımı münasibəti ilə digər təşkilatlar və Azərbaycanın xaricdəki səfirlikləri tərəfindən həyata keçirilən tədbirlərə də dəstək olur və bu işdə onlarla yaxından əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə