Bahar Muradova: “Ölkəmiz ilk peykini kosmosa çıxarmaqla özünün inkişaf səviyyəsini sübut etdi”
"Bu, çox böyük bir uğurdur"

Azərbaycanın ilk kosmik peykinin kosmosa çıxarılması münasibətlə xalqımızı əlamətdar gün münasibəti ilə təbrik edirəm. Cənab prezident İlham Əliyevin xalqa olan təbriklərinə cavab olaraq öz adımdan onu da təbrik edirəm. Çünki bu işin həm təşəbbüskarı, həm də bütün bu müddət ərzində onun təşkilatçısı, ilham vericisi məhz cənab prezident İlham Əliyev olub. Cənab prezident İlham Əliyev Azərbaycan adına hansı layihənin icrasına başlayırsa o uğurla nəticələnir. Bu çox böyük bir uğurdur. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün dünyanın inkişaf etmiş kosmik agentliklərinə və fəzada kosmik peyklərə malik olan ölkələr siyahısına daxil olması, onun iqtisadi inkişafının səviyyəsindən və elmin müxtəlif sahələrinin inkişafından xəbər verir: "Öz süni peykini orbitə çıxarmaqla Azərbaycan kosmosdan dinc məqsədlər üçün istifadə edən ölkələr sırasına daxil oldu. Bundan əlavə ölkəmiz ilk peykini kosmosa çıxarmaqla özünün inkişaf səviyyəsini sübut etdi. Azərbaycan əldə etdiyi iqtisadi inkişafdan və nailiyyətlərindən ölkəmizin inkişafı və daha artıq uğurlar qazanması üçün istifadə edir. Eyni zamanda bu peyki orbitə buraxmaqla təkcə özünün problemlərini deyil, eyni zamanda geniş bir ərazidə digər ölkələrin telekomunikasiya sahələri ilə bağlı problemlərinin həllinə qoşulur. Özlüyündə bu çox geniş bir spektri əhatə edir. Bu, Azərbaycanın son illər ərzində bütün sahələrdə aparılan məqsədyönlü inkişafının konkret nəticəsi olmaqla yanaşı kosmik sahədə də çox böyük perspektivlər vəd etdiyini sübut edir. Nəzərə alsaq ki, qarşıdakı illərdə ən azı iki süni peykin orbitə buraxılması ilə bağlı artıq işlər davam etdirilir. Azərbaycan kosmosdan dinc məqsədlər üçün istifadə edən ölkələr sırasında çox böyük uğurlar qazanacağına inanır və bundan əmindir".

B.Muradova həmçinin bu süni peyk vasitəsilə işğal olunmuş Dağlıq Qarabağ ərazilərində erməni hərbi birləşmələrinin izlənilməsinə də münasibət bildirib: "Görünür Ermənistanın və ona kömək edən dairələrin çəkinmək üçün kifayət qədər əsasları vardır. Məhz bu əsası da həmin insanlar özləri yaradıblar. Ən əsası odur ki, biz nə ediriksə, ölkəmiz hansı addımı atırsa ilk növbədə dövlətimizin, xalqımızın rifahını düşünərək bu yolu seçir. Əlbəttə ki, bu süni peykin orbitə çıxması ilə bir sıra dövlətlər, regionlar öz problemlərinin bir qismini həll edəcəklər. Məhz buna görə də bütün bu hadisələr fonunda Ermənistanın narahatçılığına heç bir əsas yoxdur. Bununla belə əgər Dağlıq Qarabağda və orada gedən hüquqa, qanuna sığmayan proseslərlə bağlı əlavə məlumatların əldə edilməsi imkanı olarsa biz bundan da yararlanmağa çalışacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə