Lerikdə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib FOTOLAR

Lerikdə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib FOTOLAR

Lerik Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək bildirib ki, Prezidentin rəhbərliyi ilə ölkəmizdə böyük işlər görülür. O cümlədən rayonumuzda da tikinti, quruculuq, abadlıq işləri geniş vüsət alıb. Son illərdə Prezident İlham Əliyev üç dəfə rayonumuzda olub. Birinci səfərində Lənkəran–Lerik yolunun, ikinci səfərində Lerik rayonunda qaz xəttinin, üçüncu səfərində bir sıra yeni sosial obyektlərinin açılış mərasimlərində iştirak edib. Hazırda Prezidentin tapşırığına əsasən rayon ərazisində modul elektrik stansiyası tikilir. Elektrik stansiyasının 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Həmçinin Lerik şəhərində su və ilk dəfə olaraq kanalizasiya xətti çəkilir. Məktəb tikintisi də daim diqqət mərkəzindədir. Hazırda rayon ərazisində 8 məktəb binası tikilir. 2013-cü ildə rayonumuzda daha 8 məktəb binasının tikintisinə başlanacaq. Cənab Prezidentin Sərəncamı əsasında artıq Lerik-Qosmalian-Kəlvəz yolunun 9 km-i asfaltlaşdırılıb. Qısa müddətdə bu il yolun tikintisi tam başa çatdırılacaq. Eyni zamanda Şingədulan-Xanagah yolu da əsaslı təmir ediləcəkdir.

İcra başçısı daha sonra Cənab Prezidentin tapşırığı ilə Rayon icra hakimiyyətinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini hər zaman diqqət mərkəzində saxlamağa çalışır. Qarabağ müharibəsi əlilləri üçün rayonda iki 16 mənzilli bina tikilib. Həmçinin əlillər üçün 11 fərdi ev tikilmiş, onlara 27 minik avtomobil verilib. Bununla belə evlə təmin olunmaq istəyənlərin sayı hələ də mövcuddur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 və bir 32 mənzilli binanın tikilməsi Dövlət proqramında nəzərdə tutulub. Yaxın vaxtlarda bunların tikintisinə başlanacaq və bu kateqoryadan olan vətəndaşlarımızın mənzil şəraiti tam yaxşılaşdırılacaq.

Görüşdə söz alan Qarabağ müharibəsi əlili Cəlal Məmiyev, İlyas Əliyev, Vəligülla Rzayev, Möhübbət Nəsirov xahiş və təkliflərini səsləndiriblər. Daha sonra cəmiyyətin sədri Veysəl Məlikov, cəmiyyətin üzvlərindən Bulud Əliyev, Üzeyir Məmmədov və başqaları çıxış edərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək respublikada, o cümlədən rayonda aparılan tikinti-quruculuq işlərinə toxunub, son günlərdə ölkəmizdə sabitliyi pozmağa cəhd göstərənlərin neqativ hərəkətlərini qətiyyətlə pislədiklərini söyləyiblər.

Sonda görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı R.Bağırov bundan sonra da Qarabağ müharibəsi əlillərinin qaldırdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə