Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edildi

Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edildi

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi xanım Patrisia Florun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-AB əməkdaşlığı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik, Xəzər regionu ilə əlaqədar məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

P.Flor Azərbaycana növbəti səfərindən, AB və Azərbaycan arasında çoxsahəli əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu bildirib. AB-nin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu qeyd edən P. Flor Azərbaycanın AB-nin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından mühüm rolunu diqqətə çatdırıb. O, Avropanın enerji təchizatında Azərbaycanın vacib rol oynadığını və AB ilə Azərbaycan arasında yaradılmış strateji enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Xələf Xələfov AB və Azərbaycan arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın olduğunu məmnunluqla qeyd edib. Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolundan bəhs edən nazir müavini, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. O, Ermənistanın danışıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyin regionun təhlükəsizliyinə təhdid olduğunu diqqətə çatdırıb. X. Xələfov Ermənistan rəhbərliyi tərəfindən Xocalı hava limanına uçuşların həyata keçiriləcəyi ilə bağlı təxribat xarakterli bəyanatları və Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması kimi addımlarının münaqişənin həllinə və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi ziyan vurduğunu bildirib. Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində nəzarətsizlikdən istifadə edilərək narkotik maddələrin dövriyyəsi və terrorizm kimi qlobal sabitliyə təhdid təşkil edən fəaliyyətlərin həyata keçirilməsinə diqqəti cəlb edən diplomat, beynəlxalq ictimaiyyət və Avropa Birliyi tərəfindən Ermənistana təzyiqlərin artırılmasının zəruriliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə