Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinində (SAM) "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda konfrans keçirilib. SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, hər hansı bir hadisə ilə Ermənistanda vəziyyəti dəyişmək mümkündür. Ermənistanda baş verən proseslər dünya ictimaiyyətini o qədər də maralandırmır: "Ermənistan 2008-ci il maliyyə böhranından sonra hələ də özünə gəlməyib. Buna baxmayaraq, bu ölkənin hərbi büdcəsi dayanmadan artır. Ermənistan silahları güzəştlərlə alır. Sərhədlərini Rusiya hərbçiləri qoruyur. Bunları da Ermənistanın büdcəsinə töhfə kimi qiymətləndirmək olar".
F.Məmmədov deyib ki, Ermənistandan gedənlərin və gələnlərin rəqəmləri gizlədilir: "Avropada vətəndaşlıq üçün ən çox müraciət edən Ermənistan vətəndaşlarıdır. Əhalinin artımı 40-42 min təşkil edib ki, bu da sovet dövründə olduğundan 2 dəfə azdır".
Daha sonra SAM-ın "İqtisadiyyatın təhlili və qloballaşma məsələləri" şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatı təqdim edib. Bildirilib ki, Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranın nəticələri kifayət qədər təsirli olub. Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 14.1%, nominal ifadədə 3 mlrd.ABŞ dolları həcmində azalıb: "Ölkə iqtisadiyyatına qoyulan investisiyanın ÜDM-ə faiz nisbəti 2008-ci ildəki 40.8%-dən, 2009-cu ildə 34.7%-ə qədər düşüb. 2010-cu ildə ÜDM-in artım tempi 2.2, 2011-ci ildə 4.7%, 2012-ci ildə 7.2% təşkil edib. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa edib".
Hesabatda qeyd olunub ki, dövlət büdcəsi Ermənistan iqtisadiyyatında real sektorun daha zəif inkişaf etdiyini göstərən ən böyük maliyyə güzgüsüdür: "Bu ilk növbədə, onunla bağlıdır ki, vergi daxilolmalarının strukturunda ticarətin payı yüksəkdir. Bir qayda olaraq büdcə sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə sektorundan daxilolmalar hesabına formalaşır. Belə olduğu təqdirdə dövlət büdcəsinin 70%-dən artıq hissəsini təşkil edən vergi daxilolmalarının böyük bir qismi ticarət sektorunun hesabına formalaşması Ermənistan iqtisadiyyatın real sektorunun zəif olmasından həmçinin, vergi yükünün kiçik və orta sahibkarlığın üzərinə düşməsindən xəbər verir.
Ermənistan borc böhranı ilə bağlı daha bir fakt 2003-2012-ci illərdə məcmu xarici borcun orta artım tempinin ÜDM-in nominal artım tempini üstələməsidir. Başqa sözlə desək, hökumət sürətlə borclanır ki, bu qarşıdakı illərdə borcun ÜDM-ə faiz nisbətinin daha da artmasını şərtləndirəcəkdir: "Hər il ölkəni minlərlə insan tərk edir. Bu fonda əmək qabiliyyətli vətəndaşların sayı azalır. Ölkədə qalan yaşlı nəslin gələcəkdə büdcə vasitəsilə maliyyələşdirilməsi problemi ortaya çıxır. Yəni gələcəkdə Ermənistan büdcəsinin borc dayanıqsızlığı probleminin üzərinə pensiya sisteminin dayanıqsızlığı problemi də gələcək ki, bu da ikiqat fiskal (büdcə) dayanıqsızlığı problemi yaradacaqdır".
Z.Vəliyev qeyd edib ki, demoqrafik vəziyyət getdikcə ölkədə təbii artımın zəiflədiyini və bu göstəricinin aşağı düşdüyünü göstərir: "2012-ci ilin 11 ayında Ermənistanı 71 374 nəfər vətəndaş tərk etmişdir. Son 3 ildə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5%-nə (160 min nəfər) bərabərdir. Ölkə üzrə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə 35%-ə bərabərdir. Bu o deməkdir ki, ölkədə 1.2 milyon nəfər yoxsulluq həddindədir. BVF-nin qiymətləndirmələrinə görə xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxsaq yoxsulluq həddi 50%-dən çox olacaqdır. Paytaxt Yerevanda 1 milyon 127 min nəfər rəsmi qeydiyyatdadır. Bu insanların 27.5% rəsmi statistikaya görə yoxsulluq həddində yaşayır".
Bildirilib ki, Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik hesabatı"nda Ermənistan 144 ölkə arasında 82-ci yerdədir. Deməli Ermənistan bir çox MDB ölkələrindən geridədir: "Son 3 ilin hesabatında Ermənistanda sahibkarlıq qarşısında duran əsas problemlər kimi korrupsiya, qeyri-səmərəli dövlət bürokratiyası, maliyyələşməyə çıxış imkanları, vergi inzibatçılığı göstərilmişdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkə rəqabətqabiliyyətlilik anlayışından çox uzaqdır. Ermənistanda İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda ciddi islahatların və uğurların əldə edilməsindən danışılır. Lakin, Ermənistan İKT sahəsində mövcud olan nüfuzlu reytinqlərdə ("The Networked Readiness Index" и "E-government development index") 94-cü yerdə qərarlaşmışdır".
"İqtisadiyyatın təhlili və qloballaşma məsələləri" şöbəsinin aparıcı elmi işçisi onu da sözlərinə əlavə edib ki, sadalanan problemlər qarşıdakı illərdə cəmiyyətin rifahının daha da pisləşməsinə həmçinin, ölkədə böhranın daha da dərinləşməsinə səbəb olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB