“Sərhədsiz reportyorlar”ın hesabatına münasibət birmənalıdır

Hər kəs buna qəti etirazını bildirir
“Sərhədsiz reportyorlar”ın hesabatına münasibət birmənalıdır

"Sərhədsiz reportyorlar" beynəlxalq media təşkilatı mətbuatın vəziyyəti ilə bağlı hər il belə açıqlamalar yayır. Azərbaycan cəmiyyəti də dəfələrlə buna etiraz edib. Bu fikirləri SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli adıçəkilən təşkilatın hazırladığı siyahıda Azərbaycanın son sıralarda yer almasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təşkilatın hazırladığı siyahı düzgün təşkil edilməyib: "Digər tərəfdən isə onların istifadə etdiyi mənbələr düzgün deyil. Belə addım atmaqla onlar həm də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salırlar. Bununla kifayətlənməyib Dağlıq Qarabağı müstəqil respublika kimi göstərirlər. Təbii ki, bu da qərəzli yanaşmadır. Siyahının hazırlanması düzgün aparılmamış araşdırmanın nəticəsidır. Buna münasibətimiz də birmənalıdır. Hər kəs buna qəti etirazını bildirir".

Aydın Quliyev: "Beynəlxalq təşkilatlar bunu ya görmür, ya da görməzlikdən gəlir"

Məsələ ilə bağlı fikrini bildirən "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə vurğulayıb ki, bu Azərbaycana qarşı beynəlxalq miqyasda arzu olunmayan münasibətin göstəricisidir: "Azərbaycanda son 5 ildə mətbuatla bağlı baş verən müsbət dəyişikləri və tərəqqini beynəlxalq təşkilatlar ya görmür, ya da görməzlikdən gəlirlər. Əgər görmək istəmirlərsə, deməli, bu ölkəmizə qarşı qərəzli münasibətdir. Yaxud görürlərsə, o zaman bu ölkədə baş verən həqiqi prosesləri real şəkildə onlara çatdıra bilməməyimizdən irəli gəlir. Bununla yanaşı, ölkəmizin daxilindəki bəzi təşkilatların yaydığı yalan informasiyaların yekun göstəricisidir. Düşünürəm ki, Azərbaycan mətbuatında baş verən müsbət dəyişiklərə görə ölkəmizin beynəlxalq təşkilatların hazırladığı siyahılarda son sıralarda qeyd edilməsi düzgün deyil. Bu məsələ ilə bağlı ölkənin media qurumları və jurnalist təşkilatları öz mövqelərini lazımi qaydada bildirəcəklər".

Qeyd edək ki, "Sərhədsiz reportyorlar" beynəlxalq media təşkilatı bu gün mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan 179 ölkə arasında 156-cı yerdə durur. Cədvəldə Türkiyə 154, İran 174, Ermənistan 74, Gürcüstan 100, Rusiya 148, Belarus 157, Ukrayna 126, Moldova 55, Tacikistan 123, Qazaxıstan 160, Özbəkistan 164, Türkmənistan 177-ci yerlərdə sıralanıb. Təşkilatın mətbuat azadlığı cədvəlində ilk beşlikdə Finlandiya, Niderland, Norveç, Lüksemburq və Andorra yer alıb. Cədvəli Şimali Koreya və Eritreya tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə