Əli Əhmədov: "İsa Qəmbər öz reytinqini yüksəltməkdən ötrü müxtəlif şoular təşkil edir" MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədovun SƏS TV-yə müsahibəsi:
- Əli müəllim, bildiyiniz kimi bu ilin aprel ayında paytaxtımız növbəti beynəlxalq tədbirə - Davos İqtisadi Forumuna ev sahibliyi edəcək. Sizcə, bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi hansı əlamətdar hadisələrlə yadda qalacaq?
- Azərbaycanın inkişafı ilə yanaşı, bütövlükdə beynəlxalq aləmdə ölkəmizin hörmətinin və nüfuzunun artması prosesini biz daim müşahidə etməkdəyik. Azərbaycanda çox əhəmiyyətli, müxtəlif xarakterli beynəlxalq tədbirlər keçirilir. Hesab edirəm ki, dünyanın ən mötəbər iqtisadi forumlarından biri olan Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, hörmətinin təzahürüdür. Digər bir yandan isə bu forum Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dünya iqtisadçılar cəmiyyətinin verdiyi yüksək qiymətin ifadəsidir. Bu tədbir ölkəmiz üçün çox əhəmiyyətli hadisələrdən biridir. Güman edirəm ki, Bakıda keçiriləcək Davos İqtisadi Forumu bütövlükdə bu foruma yeni bir məna və çalarlar verəcək.
- Ötən həftə müxalifət şəhərin müxtəlif istiqamətlərində növbəti dəfə icazəsiz aksiya keçirməyə cəhdlər etdi. Amma bu aksiyada maraq doğuran cəhət o oldu ki, özünü "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmaylova jurnalist adı altında bu aksiyanın başında dayanırdı və aranı qızışdırmağla insanların diqqətini özünə cəlb etməyə çalışırdı. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. Bununla belə ölkəmizdə vətəndaşların azad düşüncəsi, fikirləri və fəaliyyəti üçün həm hüquqi həm praktiki baxımından hər cür şərait yaradılıb. Kimin hansı məfkurəyə sahib olması, eləcə də siyasi təşkilatlarda birləşmək istəyi üçün bütün şəraitlə, azadlıqlarla təmin edilib. Lakin biz onu da görürük ki, söz və mətbuat azadlığı adı altında tamamilə başqa niyyətlərə xidmət edən az sayda da olsa insanlar vardır ki, bunlardan biri də məhz "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmaylovadır. Bu insan jurnalist adı altında gizlənərək əslində isə tamamilə məkrli və nə Azərbaycan gəncliyinin, nə də dövlətçiliyimizin mənafeyinə uyğun işlərlə məşğul olur. Hesab edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti həmin bu qadının hərəkətlərini kəskin şəkildə pisləməyi bacarmalı və öz mövqeyini bildirməlidirlər. Əks halda isə biz xoşagəlməyən insidentlə üzləşmiş olacağıq. Əgər jurnalist aksiyanın iştirakçısına çevrilirsə, artıq o jurnalist adlandırıla bilməz. Ən azından həmin prosesdə onun jurnalist kimi özünü təqdim etməsi jurnalist adına və bu peşəyə hörmətsizlikdən başqa bir çey deyildir.
- Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkə mətbuatına müsahibəsində bildirib ki, onun Lənkərana növbəti səfəri də təxribatlarla, təzyiqlərlə nəticələnib. Sizin buna yanaşmanız necədir?
- Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı kiminsə hər hansı bir təzyiq göstərməsi üçün nə bir ehtiyac, nə də əsas vardır. Hesab edirəm ki, bu insan seçki kompaniyasının yaxınlaşmasından istifadə edərək və öz reytinqinin yüksəltməkdən ötrü müxtəlif şoular təşkil edir. Bu şouların içərisində onun seçki texnoloqlarının hazırladıqları bu kimi uydurma ssenarilər də vardır. Ona qarşı təzyiqə nə YAP-ın, nə digər başqa birisinin ehtiyacı vardır. İ.Qəmbər Azərbaycanın bir vətənadaşı olaraq ölkənin istənilən guşəsinə gedə bilər. Hesab edirəm ki, İ.Qəmbərin bu cür şou düzəltməsi əslində Azərbaycanda sərbəst hərəkət etmək azadlığına qarşı həm hörmətsizlik, həm də demokratik proseslərə kölgə salmaqdan başqa bir şey deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB